Lukaşenko separatçı liderlə görüşdü – Səfir geri çağırıldı

Belarus və Ukrayna arasında gərginlik yenidən artıb. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun qondarma “dxr”in separatçı rəhbəri Denis Puşilini qəbul etməsi səbəbindən Ukrayna Minskdəki səfiri İqor Kizimi məsləhətləşmələr üçün Kiyevə geri çağırıb.

Maraqlıdır, uzun müddətdir Belarusu müharibəyə cəlb etməyə çalışan Rusiyason hadisələrdən istifadə edib buna nail olacaq?
Belarusun müharibəyə qoşulması Rusiya-Ukrayna müharibəsinin gedişinə təsir edə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya uzun müddətdir ki, Belarusu müharibəyə cəlb etmək, bu ölkədən ikinci cəbhə açmaq istəyir, amma Belarus prezidenti Aleksandr Lukaşanko hələ ki, buna müqavimət göstərir:

“Bilir ki, müharibəyə birbaşa qoşulsa Qərbin təzyiqləri ilə üzləşəcək. Rəsmi Minskin imkanları heç də Moskvanınkı qədər çox deyil. Yəni Lukaşenkonun narahatlığı başa düşüləndir. Digər tərəfdən isə Putin “Domokl qılıncı” kimi Lukaşenkonun başının üstündə durub. Ona görə də Belarus Rusiyaya birbaşa yox, bilavasitə dəstək verməklə Kremlin qəzəbindən qurtulmaq istəyir. Bir müddət əvvəl Lukaşenkonun Çinə səfəri və Pekinlə Moskva arasında vasitəçilik səyləri də bu kontekstdən qiymətləndirilməlidir.

Belarus-Ukrayna münasibətlərinə gəldikdə isə deməliyik ki, tərəflər arasında münasibətlər onsuz da yaxşı deyil. Bundan sonra əlaqələr bir az da gərginləşə bilər. Bir çox liderlər kimi, Ukrayna Prezidenti Volodimir Zelenski də başa düşür ki, Lukaşenko faktiki olaraq Putinin vassalıdır. Bu mənada Kiyevlə Minsk arasında münasibətlərin normallaşacağı ağlabatan görünmür. Amma Ukrayna ilə Belarusun ciddi mənada üz-üzə gələcəyini düşünmürəm. Tərəflər arasındakı “soyuq küləklər” “qasırğaya” çevrilməz. Bu, indiki halda nə Belarusa sərf edir, nə də Ukraynaya. Hərçənd Rusiya məhz bunun üçün çalışır”.

Turan Rzayev
Globalinfo.az