Litva-Azərbaycan münasibətləri növbəti mərhələyə daxil oldu – Deputatdan şərh

“Azərbaycan Prezidenti may ayının 22-də Litvada rəsmi səfərdə olub. Litva ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2021-ci ildə 75 faiz artaraq 42.0 milyon dollara çatıb. Bununla belə, tərəflər arasında potensial daha böyükdür. Təbii ki, yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsini bir neçə dəfə artırmaq üçün ciddi potensial var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin Litvaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, prezidentin Litvaya səfəri ölkələr arasında yeni səhifənin açılması kimi xarakterizə olunur:

Vüqar Bayramov

“Ölkələr arasında enerji sahəsində yeni əməkdaşlığın formalaşacağı gözlənilir. Hər iki dövlət başçılarının iştirakı ilə keçirilən Azərbaycan-Litva biznes forumunda da məhz strateji əlaqələr kontekstində Avropa İttifaqı ilə ölkəmiz arasındakı enerji əməkdaşlığı xüsusi müzakirə olunub.

Səfər zamanı yaşıl enerji sahəsində Azərbaycan ilə Avropa arasında əməkdaşlığın qurulması da müzakirə edilən məsələlərdən idi. Prezident İlham Əliyevin Litvaya səfəri zamanı çoxşaxəli məsələlərin müzakirəsi ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. Qarşılıqlı münasibətlər isə növbəti mərhələdə daha da dərinləşəcək”.

Turan Rzayev
Globalinfo.az