Lənkəranda intihar edən həkimin atası: “Cinayətkarlar azadlıqdadır”

Lənkəranda intihar edən həkim-stomatoloq Müşfiq Bağırovun ölüm işi üzrə istintaq üç aydır yekunlaşmır.

Globalinfo.az-a məlumat verən atası Zaman Bağırov bildirir ki, Lənkəran rayon Prokurorluğu oğlunun vəsiyyətində göstərdiyi faktlar əsasında iş aparıb günahı olanları məsuliyyətə cəlb edə bilər:

“Lənkəran rayon Prokurorluğuna və Baş Prokurorluğa da bu sualı dəfələrlə vermişəm, amma cavab ala bilməmişəm – həkim-stomatoloq, “Cruz” avtosalonun sahibi, 32 yaşlı, Lənkəranda böyük nüfuza malik olan Müşfiq Bağırov niyə intihar etdi?

Heç vaxt maddi sıxıntısı olmayan, zərərli vərdişləri olmayan, psixoloji problemi olmayan bir insan idi. Ölüm haqqında düşünən olsaydı 18 avqust tarixində “Diaqnoz” klinikasında ümumi analizlərini verib sağlamlığını yoxlamazdı. Onun sağlamlığını təsdiq edən sənədi Lənkəran prokurorluğuna təqdim etmişəm.

Həyatı sevən, yaşamağı sevən bir insan idi. Bir gün belə övladlarından, anasından ayrı qala bilməyən bir insan niyə intihar etməliydi? Müşfiq hər şeyi vəsiyyətnaməsində açıq şəkildə qeyd edib, bəs nə üçün üç ay keçsə də, cinayətkar(lar) azadlıqda gəzirlər?”

Rüstəm
Globalinfo.az