qetl 0

Avqustun 24-də saat 09 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğundan Globalinfo.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***11:34

Lənkəranda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az xəbər verir ki, qətlə yetirilən Əfsanə Lələzadənin dayısının APA-ya verdiyi məlumata görə, qadın və həyat yoldaşı Nicat Lələzadə 5 ilə yaxındır ayrı yaşayıblar.

Qeyd edilib ki, Əfsanə Lələzadə boşanmaq istəsə də, Nicat Lələzadə buna etiraz edib. “Bu gün Nicat səhər saatlarında Əfsanənin evdən çıxmasını gözləyib. Əfsanə dükanın qabağına gələndə ona yaxınlaşıb, aralarında yaranan mübahisə zəminində özü ilə gətirdiyi bıçaqla ona bir neçə zərbə endirib. Əfsanə xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb”.

***10:21

Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri polisə könüllü təslim olub.

Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək könüllü təslim olub.

***10:12

Lənkəranda dəhşətli qətl hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, rayonun Liman şəhəri ərazisində 34 yaşlı qadın ailədaxili münaqişə zəminində qətlə yetirilib.

Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrindən, o cümlədən boynundan aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Xəstəxanadan verilən məlumata görə, qadın ora çatdırılarkən artıq həyatını itirmiş vəziyyətdə olub və həkiməqədər ölüm faktı qeydə alınıb.

Əldə olunan ilkin məlumatlara əsasən, qadının həyat yoldaşı qətlin əsas şübhəlisi kimi saxlanılıb. Meyit daxili və xarici ekspertiza olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş: