Laçında evin girişində mina partladı: yaralanan var – YENİLƏNİB

Laçında bir nəfərin xəsarət alması ilə nəticələnən mina partlayışı yaşayış evinin girişində olub.

Bu barədə Globalinfo.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 13-də Laçın rayonunun Sus kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib, nəticədə bir nəfər mülki şəxs xəsarət alıb:

“ANAMA-nın apardığı araşdırma zamanı hadisənin tərk edilmiş məskunlaşma ərazisində, yaşayış evinin girişində baş verdiyi məlum olub. Ermənistan tərəfinin heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin mina və digər partlayıcı sursatlarla qəsdən çirkləndirməsi mina terrorunun bariz nümunəsidir”.

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan davamlı fəaliyyət nəticəsində mülki təyinatlı torpaqların, viran edilmiş yaşayış məskənləri, məzarlıqlar, bağlar, su mənbələrinin ətrafı və digər sosial-iqtisadi əhəmiyyət kəsb edən ərazilərin minalarla yüksək səviyyədə çirkləndiyi müəyyən edilib: “Müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 nəfər vətəndaşımızdan 142 nəfəri məhz belə ərazilərdə baş vermiş partlayışlar nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. ANAMA bu kimi faktları nəzərə almaqla bir daha vətəndaşlarımıza müraciət edərək yalnız təhlükəsiz marşrut xətlərindən istifadə edərək marşrutdan kənara çıxmamağa, məhz minatəmizləmə əməliyyatları icra olunan ərazilərdə müvafiq fəaliyyət həyata keçirməyə, ayıq-sayıq olmağa və məsuliyyətli davranmağa çağırır”.

***12.04.23  20:15

Minaya düşən şəxsin Kənd Təsərrüfatı Nazirliyinin yak təsərrüfatının çobanı olduğu bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi yak təsərrüfatının Sus kəndindən uzaqda yerləşdiyini və orada həmin adda çobanın olmadığını bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən qeyd edilib ki, bu gün Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizağa oğlu Əzizov mina partlayışı nəticəsində xəsarət alıb:

“Fakt üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Həmin şəxsin icazə ilə orada olub-olmaması ilə bağlı araşdırma bitdikdən sonra məlumat veriləcək”.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumatdən isə qeyd edilib ki, Laçın rayonu ərazisində minalardan təmizlənməmiş ərazisində baş verib:

“Mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb”.

***16:34

Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizovun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Hazırda Laçın Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda qeyd edilib.

***15:03

Minatəmizləmə Agentliyi (ANAMA) Laçın rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

Agentlikdən Globalinfo.az-a bildirilib ki, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.

Qeyd edilib ki, mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.

***14:57

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumata görə, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb.

O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.