Bir neçə ay öncə həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı terrorçuluqda suçlanır. Rusiya hökuməti Yuliya Navalnayanı terrorizmdə və ekstremist fəaliyyətdə iştirakı barədə məlumatın olduğu təşkilatlar və şəxslər siyahısına daxil edilib.
İyulun 9-da Moskvanın Basmannı Məhkəməsi Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin tələbi ilə Yuliya Navalnayanı “ekstremist cəmiyyətdə” iştirakda ittiham edərək, iki ay müddətinə qiyabi həbs edib. Onu 6 ilədək həbs gözləyir. Həbs müddəti təqsirləndirilən şəxsin Rusiya ərazisində ekstradisiya edildiyi və ya saxlanıldığı andan hesablanacaq.
Diqqət çəkən məqam isə Kremlin bənzər cəzanı Çeçenistanın eks-prezidenti Cövhər Dudayevin (1944-1996) həyat yoldaşı Alla Dudayevaya qarşı etməməsidir.
Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Yuliya Navalnaya ilə Alla Dudayevanı müqyisə etmək doğu deyil:
“Məsələ ondadır ki, Yuliya Navalnaya elə də ciddi bir şəxs deyil. O keçmiş ərinin adından istifadə edən, sanki onun mübarizəsini davam edirmiş kimi özünü göstərən bir insandır. Bundan başqa, Aleksey Navalnının anasının dediyi kimi, onlar boşanıb, ayrı yaşayırdılar.
Dudayevin yoldaşı isə ilk gündən o ölənə qədər onun yanında olub. Kremldə hər kəsi yaxşı tanıyırlar. Düşmən də olsa Dudayevə Rusiyada hörmət edirdilər. O öz xalqı üçün döyüşürdü və bir ideologiyaya inanırdı. Eyni ilə Alla Dudayeva ərinə sadiq qadın olub. Onun atası da keçmiş sovet zabiti olduğundan ona belə bir şey etməzdilər. Bu baxımdan iki qadın arasında dünyalar qədər fərq var və Kremldə də bunu yaxşı bilirdilər”.
Turan Rzayev