moskva baki

Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qalib gəlməsindən sonra bu ölkənin Rusiyadan tamamilə uzaqlaşacağı gözlənilir.

Analitiklərin fikrincə, belə şəraitdə Rusiyanın Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyə çalışması mümkündür.

Bu, baş verərsə, Bakı hansı təhlükə və risklərlə üz-üzə qala bilər?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Cənubi Qafqazda müşahidə olunan geosiyasi dəyişikliklər regionun güc balansına ciddi təsir göstərir:

“Xüsusilə Ermənistanın xarici siyasətində Rusiyadan müəyyən dərəcədə uzaqlaşmaq və Qərblə münasibətləri genişləndirmək istiqamətində atdığı addımlar Moskvanın regiondakı ənənəvi təsir imkanlarını zəiflədən amillərdən biridir. Belə vəziyyətdə Rusiyanın Cənubi Qafqaz siyasətində yeni dayaqlar axtarması və Azərbaycanla münasibətlərə daha çox önəm verməyə cəhd etməsi müşahidə olunur. İlk baxışdan Moskva ilə münasibətlərin dərinləşməsi Bakı üçün müəyyən siyasi və iqtisadi üstünlüklər yarada bilər. Rusiya regionun əsas güc mərkəzlərindən biri olaraq qalır və onunla sabit münasibətlərin qorunması regional təhlükəsizlik baxımından əhəmiyyətlidir. Eyni zamanda, nəqliyyat-kommunikasiya layihələri, enerji sahəsində əməkdaşlıq və ticarət əlaqələrinin inkişafı da iki ölkə arasında qarşılıqlı maraq doğuran istiqamətlərdir”.

yusif 900x498 1
Yusif Bağırzadə

Politoloq bildirib ki, Rusiyanın Azərbaycana yaxınlaşmaq istəyi özü ilə bərabər müəyyən riskləri gətirə bilər:

Azərbaycan uzun illərdir balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir. Rəsmi Bakı həm Rusiya, həm Qərb ölkələri, həm də digər regional aktorlarla qarşılıqlı faydalı münasibətlər qurmağa çalışır. Əgər Moskva ilə münasibətlər həddindən artıq yaxınlaşma mərhələsinə keçərsə, bu, Azərbaycanın xarici siyasətdə manevr imkanlarının məhdudlaşması ilə bağlı müəyyən suallar yaradar. Digər mühüm məqam Azərbaycanın beynəlxalq tərəfdaşları ilə münasibətlərinə təsir ehtimalıdır. Son illər Avropa İttifaqı ölkələri Azərbaycanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlara çevrilib. Rusiyanın regiondakı maraqları ilə digər tərəfdaşların maraqları arasında yaranacaq mümkün ziddiyyətlərin Azərbaycan üçün əlavə diplomatik həssaslıqlar formalaşdırması mümkündür”.

Y.Bağırzadənin sözlərinə görə, Moskvanın region siyasəti tarixən yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmayıb:

“Rusiya Cənubi Qafqazda təsir imkanlarını qorumaq üçün müxtəlif siyasi, hərbi və iqtisadi alətlərdən istifadə edib. Buna görə də Azərbaycan üçün əsas prioritet hər hansı geosiyasi blokun tərkib hissəsinə çevrilmədən milli maraqlara əsaslanan müstəqil siyasəti qorumaqdır. Bu, ölkəyə həm regional proseslərdə aktiv rol oynamağa, həm də müxtəlif güc mərkəzləri arasında balans yaratmağa imkan verir.

Bütün hallarda Ermənistanın Rusiyadan uzaqlaşması fonunda Moskvanın Azərbaycanla münasibətlərə daha çox önəm verməsi ehtimalı var. Lakin belə bir prosesin uğuru və nəticələri maraqlarımıza nə dərəcə uzlaşa bilməsindən asılı olacaq. Azərbaycan üçün əsas məsələ hansısa geosiyasi boşluğu doldurmaq yox, milli maraqları, strateji müstəqilliyi və çoxşaxəli xarici siyasət kursunu qorumaqdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: