Koronavirusun daha təhlükəli olan yeni ştammları: Ehtiyat tədbirləri bərpa olunur?

Koronavirus kabusu qayıdır. 2023-cü ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının sona çatdığını elan etsə də, avqust ayında yoluxma halları yenidən artmağa başlayıb. Belə ki, bu il iyulun 24-dən avqustun 20-dək xəstəliyə yoluxanların sayı 63% çoxalıb.

Bununla belə, bildirilən hallar yoluxma səviyyəsini tam əks etdirmir, çünki COVID-19 testlərinin həyata keçirilməsi son vaxtlar əhəmiyyətli dərəcədə azalıb.

Koronavirus mutasiyaya davam edir və bu, əvvəlkilərdən daha təhlükəli və daha aqressiv ola biləcək yeni ştamların – “eris” və “pirola”nın yaranmasına səbəb olub.

Qeyd edək ki, koronavirusa yoluxma hallarının artmasının səbəblərindən biri insanların başqa ölkələrdə keçirdikləri məzuniyyətdən qayıtmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Cənubi Koreya, İtaliya, ABŞ, Böyük Britaniya, Avstraliya və Sinqapurda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Bu “dalğalar” dünyada başlayandan təxminən iki həftə sonra artıq Rusiyaya çatıb. Bu gündən ölkənin Hökumət Evində qoruyucu maska rejimi bərpa olunub.

Xəstəliyin yayılmasına başqa bir səbəb payızın əvvəlində havaların artıq xeyli soyumasıdır. Bu mövsümdə immunitet azalır, buna görə də getdikcə daha çox insan xəstələnir.

Yeni ştamlar və onların xüsusiyyətləri

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bu yaxınlarda keçirdiyi mətbuat brifinqində qeyd edib ki, əhalinin immunitetinin formalaşmasına baxmayaraq, koronavirus dünyanın bütün ölkələrində dövr etməkdə davam edir və daim dəyişir. Beləliklə, 2022-ci ilin oktyabrında alimlər COVID-19-un “omikron” ştamının “kraken” adlı yeni variantını müəyyən ediblər. 2023-cü ildə EG.5 “eris”, eləcə də BA.2.86 “pirola” variantı ortaya çıxıb.

“Avqustda yoluxmaların 26,1%-ni təşkil edən EG.5 ştamı kifayət qədər yoluxucudur. Bununla belə, yoluxmuşların əksəriyyətində xəstəlik yüngül keçir – boğaz ağrısı, öskürək və burun axması cəmi bir neçə gün davam edir. “Pirola” ştamının da oxşar simptomları var”, – deyə o, bildirib.

Kraken

“Kraken”ə yoluxduqda, xəstəlik tez-tez asemptomatik və ya yüngül keçir, lakin virus daha yoluxucu və bədənin immun reaksiyasına daha davamlıdır. Eyni zamanda, “omikron”un alt növü oxşar simptomlara malikdir və klinik təzahürlər baxımından qripdən çox fərqlənmir. Əksər hallarda xəstələr zəiflik, temperaturun bir qədər artması, öskürək, burun axması və s. ilə müşayiət olunur.

Eris

Sentyabr ayında “eris” artıq 57 ölkədə, o cümlədən qonşu Türkiyədə müəyyən edilib. Ona görə də ÜST bütün dünyada sürətlə yayılmasına görə onu “narahatlıq doğuran variantlar” siyahısına daxil edib. Mütəxəssislər hazırda EG.5 ştammının yayılma tezliyində davamlı artım müşahidə edirlər. Bu onun peyvənd və ya xəstəlikdən sonra yaranan anticisimlərdən yayınma qabiliyyəti ilə izah olunur. Rusiyada “eris” hələ geniş yayılmasa da, onun epidemioloji vəziyyəti çətinləşdirmək riskləri var.

Xəstəliyin simptomları əvvəlki variantlarla eynidir: Öskürək, burun axıntısı, qızdırma, boğaz ağrısı və sinə sıxılması. Lakin immuniteti zəif olan insanlarda və bəzi həssas şəxslərdə xəstəlik daha ağır nəticələrə səbəb ola bilər.

Pirola

“Pirola” ştammı ilk dəfə bu ilin iyulunda məlum olub, lakin virus artıq ondan çox ölkədə aşkar edilib. O, digər koronavirus variantlarından qısa müddət ərzində baş verən zülallardaki yüksək mutasiyaya görə fərqlənir. Bu, “pirola”nı hazırda dövriyyədə olan bütün COVID-19 ştamları arasında ən yoluxucu edir və o, peyvənddən və ya əvvəlki xəstəlikdən sonrakı immmuniteti aşmağa qadirdir. Eyni zamanda, tədqiqat məlumatlarının olmaması səbəbindən bu ştama qarşı peyvəndlərin effektivliyinin nə qədər azalacağını dəqiq söyləmək mümkün deyil.

Yeni ştamlar niyə təhlükəlidir?

İndiyə qədər elm adamları yalnız yeni ştamlara xas olan spesifik simptomları aşkar etməmişlər, lakin onlar daha yoluxucudur, yəni daha sürətli yayılırlar. Narahatlıqlar “pirola” variantının peyvənddən və ya əvvəlki xəstəlikdən sonra yaranan immuniteti aşa bilməsi və anticisimlərin daha az təsirli olması ilə əlaqədardır. Buna baxmayaraq, yeni ştamlar haqqında elmi məlumatlar virusun insanlara təsiri barədə qəti nəticə çıxarmaq üçün çox məhduddur.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı “pirola”dan ölüm halı qeydə almayıb. Bununla belə, unutmaq olmaz ki, immuniteti zəif olan və şəkərli diabet, ürək-damar və onkoloji patologiyaları, piylənmə, astma kimi xroniki xəstəlikləri olan insanlar xəstəliyin ağır formasından əziyyət çəkə bilərlər.