Ermənistanın sabiq prezidenti Serj Sərkisyan ikinci prezident Robert Köçəryanın varis seçimi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, jurnalistlərlə söhbətində Köçəryanın açıqlamasına təəccüblənmədiyini deyib.
Sərkisyanın sözlərinə görə, bu fikirləri artıq uzun illərdir müxtəlif mənbələrdən eşidir:
“Bu, mənim üçün yeni deyil. Artıq 20 ilə yaxındır ki, bu sözləri müxtəlif mənbələrdən eşidirəm. Dünən isə birbaşa Köçəryanın özündən dinlədim”.
Qeyd edək ki, Koçaryan “RTVI”yə müsahibəsində “Ən çox nəyə görə təəssüflənirsiniz?” sualına, “Yəqin ki, varis məsələsinə görə” ifadəsini işlədib.
Keçmiş prezidentlər arasında qarşıdurmanın nə qədər davam edəcəyi ilə bağlı suala cavab verən Sərkisyan deyib ki, ən azı onun tərəfindən bu istiqamətdə hər hansı addım atılması gözlənilmir.
Jurnalist Vahe Markaryan isə Sərkisyanın kürəkəni Mikael Minasyanın son vaxtlar fəallaşaraq Köçəryan və onun komandasına qarşı paylaşımlar etdiyini xatırladıb. Buna cavab olaraq Sərkisyan hər şeyin qarşılıqlı olduğunu bildirib.
Əliyar Xəlil