Keçmiş həmsədr: “Bakı və İrəvan hərb meydanına qayıda bilər”

Azərbaycanla Ermənistan arasında demarkasiya prosesi çox vacibdir, çünki bu, konflikt ehtimalını azalda bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-nin ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsi ABŞ, Avropa Birliyi və digər təşkilatların öhdəliyi olmalıdır:

“Əks təqdirdə biz hərbi konfliktə qayıdacağıq. ABŞ və AB-nin Moskva ilə effektiv işləyəcəyini təsəvvür etmək çətindir. Lakin bütün fikir ayrılıqlarına baxmayaraq, Ermənistanla Azərbaycan arasında sülh və təhlükəsizlik üçün ümumi maraqlar da var. Məncə, Rusiya istəmir ki, qonşuluğunda konflikt yaşansın. Moskva burada effektiv rol oynaya bilər, amma mən başa düşürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlik formatı artıq həyat qabiliyyətli deyil”.

Uorlik həmsədrlik mandatının faydalı ola biləcəyini, lakin ABŞ və Fransanın Rusiya ilə işləmək istəməməsi ucbatında işə yaramayacağını qeyd edib. Sabiq həmsədr Türkiyənin də prosesdə mühüm rol oynayacağını söyləyib:

“Ermənistan və Türkiyə arasındakı münasibətlərə gəlincə, bunları bir gündə həll etmək mümkün deyil. Bu, etimadın möhkəmləndirilməsi üçün atılacaq kiçik addımlarla edilməlidir. Mən 20 il əvvəlki protokolların yenidən aktivləşdirilməsini təklif etmirəm. Bu, qeyri-mümkündür. Lakin tərəflər xüsusilə ticarət, mənəvi məsələlərlə bağlı müəyyən addımlar ata bilərlər”.

İlkin
Globalinfo.az