
Ukrayna Kanadadan dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına daha bir maliyyə tranşı alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram kanalında paylaşım edib.
“Ukrayna ERA təşəbbüsü çərçivəsində (Extraordinary Revenue Acceleration for Ukraine – fövqəladə gəlir sürətləndirilməsi proqramı) Kanadadan təxminən 1,7 milyard dollar alıb. Bu vəsaitlər dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına təmin olunub”, – o bildirib.
Şmıqalın sözlərinə görə, Kiyev 2025-ci ilin əvvəlindən bu yana Rusiya aktivlərindən ümumilikdə 17,6 milyard dollar əldə edib. Qeyd olunur ki, Kanadadan ilk 1,7 milyard dollarlıq tranş martın 13-də daxil olub.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında G7 ölkələrinin liderləri Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsi ilə bağlı razılığa gəlib. Həmin vəsaitin dondurulmuş Rusiya dövlət aktivlərindən əldə olunacaq gəlirlərlə ödəniləcəyi vurğulanmışdı. ABŞ bu vəsaitin 20 milyard dollarını öz üzərinə götürəcəyini vəd edib, qalan 30 milyard dollar isə G7 və Aİ tərəfindən birgə qarşılanacaq.
Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiya Federasiyasına məxsus təxminən 300 milyard dollar dəyərində aktivləri dondurub. Onlardan 5-6 milyard dolları ABŞ-da, qalan əsas hissəsi isə Avropadadır – xüsusilə də Belçikadakı “Euroclear” beynəlxalq maliyyə platformasında təxminən 210 milyard dollar yerləşir.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bəyan etmişdi ki, Qərbin bu aktivləri müsadirə etməsi halında Moskva dərhal cavab tədbirləri görəcək.
Aysel Əliyeva
Globalinfo.az