İstirahət mərkəzinə gedən avtobus qəzaya düşdü: ölənlər var – VİDEO

İyun 6-da saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Globalinfo.az-a bildirilib ki, onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

***11:40

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Globalinfo.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma davam etdirilir.

***11:21

Cəlilabadda dəhşətli yol qəzası baş verib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.