İstanbul teraktının yeni pərdəarxası məqamları: ASALA faktoru, PKK-dan HDP-yə mesaj

Noyabrın 13-də İstanbulun “İstiqlal” küçəsində törədilən terror dünya mediasının əsas gündəm mövzusudur. Rəsmi məlumatlara görə, hadisədə 6 nəfər həlak olub, 86 nəfər yaralanıb.

Ümumiyyətlə, Türkiyədə bu kimi teraktlar əvvəllər də olub. 2016-cı ildən üzü bəri Türkiyə terrorun əl-qolunu bağlamışdı. Dinc və böyük şəhərlərdə teraktlar baş vermirdi. 6 il fasilədən sonra bu baş verən ilk hadisədir.

Türkiyədə sonuncu dəfə dəhşətli terror 2016-cı ilin 31 dekabrından 2017-ci ilin yanvar ayının 1-nə keçən gecə “Reina” əyləncə mərkəzində törədilmişdi. 39 nəfərin həyatını itirdiyi teraktdan sonra hücumlar səngimişdi. Xüsusilə İstanbul kimi böyük şəhərlərdə teraktlara rast gəlinmirdi.

ASALA faktoru

Taksimdəki partlayışdan qısa müddət sonra baş verən teraktın məsuliyyətini erməni ASALA terror təşkilatı öz üzərinə götürdü. Ümumiyyətlə, son zamanlar ASALA-nın yenidən dirçəlməsinə cəhdlərin olduğunu nəzərə alsaq, belə bir iddianın səslənməsi diqqət çəkir.

1975-ci ildə yaradılan ASALA ötən əsrdə kifayət qədər səs gətirən terror aktları ilə yadda qalıb. Əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı teraktlar həyata keçirən təşkilatın yenidən dirçəlməsi region üçün də, dünya üçün də ciddi təhdiddir. Düzdür, terror təşkilatı 1991-ci ildə rəsmən ləğv olunduğunu elan etsə də, gizli fəaliyyətinə dair məlumatlar zaman-zaman ortaya çıxıb.

Buna baxmayaraq, Taksimdəki teraktın ASALA terror təşkilatı tərəfindən törədilməsi real deyil. ASALA-nın belə təxribatlar gerçəkləşdirmək üçün təcrübəsi olsa da, indiki məqamda gücünü terakt keçirəcək dərəcədə toplaması inandırıcı deyil. ASALA-nın Taksimdəki terroru üzərinə götürməsi PR üçün nəzərdə tutulub. ASALA bununla həm də dirçəlməsi üçün yeni maliyyə imkanları cəlb etmək istəyir. ASALA-nın qanlı olayı üstlənməsinin ardından Türkiyənin daxili işlər naziri Süleyman Soylu partlayışın PKK/PYD terror təşkilatı tərəfindən törədildiyini açıqlayıb. Bununla da erməni terror təşkilatının “piar”ı iflasa uğradı.

PKK/PYD-dən HDP-yə mesaj

Teraktın diqqətçəkən tərəflərindən biri də məhz Türkiyədə seçkilərə hazırlıqların getdiyi dövrdə baş verməsidir. Bu mənada teraktın hədəfinin daxili siyasətə təsir etmək olduğunu demək mümkündür.

Seçki öncəsi xüsusilə hakim AKP ilə HDP arasında ciddi danışıqların getdiyi məlumdur. HDP-nin AKP ilə danışıqları PKK-nı nəzərə almadan aparması mümkündür. Ümumiyyətlə, son zamanlar HDP və PKK arasında ciddi fikir ayrılıqları yaşanır. PKK Taksim teraktı ilə həm də HDP-yə mesaj verir: “HDP PKK maraqlarından kənara çıxmamalıdır!”

Ankaranın cavabı necə olacaq?

Türkiyənin Taksim teraktına səssiz qalmayacağı məlumdur. PKK ilə mübarizə çərçivəsində təzyiqlərin artacağı daxili antiterror əməliyyatlarının intensivləşəcəyi məlumdur.

Bununla belə, Türkiyənin daxili işlər naziri Süleyman Soylunun partlayışın PKK/PYD terror təşkilatı tərəfindən törədildiyini açıqlaması da diqqət çəkir. Belə ki, PKK Türkiyədə fəaliyyət göstərsə də, PYD Suriyadadır. Soylunun açıqlaması həm də onu deməyə əsas verir ki, Ankara terrorun kökünü kəsmək və PYD-yə zərbə vurmaq üçün Suriyada yeni antiterror əməliyyatına başlaya bilər.

Prinsip etibarilə Ankara uzun müddətdir ki, Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq istəyir. Hətta bu istiqamətdə hazırlıqlar da görülüb. Beynəlxalq təzyiqlər səbəbindən Ankara bu planından bir müddətlik daşınsa da, Taksim teraktı antiterror əməliyyatları keçirmək üçün Türkiyəyə əsas yaradır.

Turan Rzayev
Globalinfo.az