Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkil etdiyi Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinqdə nazir müavini Rəhman Hümmətovun açıqlaması ictimaiyyətdə diqqət çəkib. Belə ki, R.Hümbətovun deyib ki, son aylar Bakıda 65-70 min taksidən hazırda 30-35 min taksi qalır. Bu isə o deməkdir ki, 50 faizə yaxın sürücü gündəlik dolanışığını itirib. Maraqlıdır, işsiz qalan həmin 35 minə yaxın insanın taleyi necə olacaq? Hökumət bu vətəndaşlar üçün alternativlər təklif edirmi?
Mövzunu Globalinfo.az-a sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, taksi xidmətində qayda-qanun yaratmaq zəruri olub. Sabiq nazirin fikrincə, bu xidmət sahəsində ciddi problemlər mövcud idi və onlar getdikcə dərinləşərək, daha eybəcər bir hala düşürdü:
“Lakin təbii ki, bu islahatın nəticələrini öncədən görmək və buna uyğun addımlar nəzərdə tutmaq lazım idi. İstehsal müddətindən 15 ildən çox keçmiş avtomobillərə taksi xidməti göstərmək qadağan olunsa da, bu onların digər bir keyfiyyətdə fəaliyyət göstərməsini əngəlləməyəcək. Öz avtomobili ilə taksi xidməti göstərmiş bir çox sürücülər gizli taksi xidməti göstərməkdə davam edəcəklər. Buna nəzarət etmək də o qədər asan məsələ deyil”.
F.Yusifov deyib ki, bu gün bir çox ailələrin gizli xidmətə ehtiyacı var:
“Məsələn, belə avtomobillər ailə üzvlərini işə və işdən evə çatdırmaq, uşaqları məktəbə aparıb-gətirmək kimi xidmətləri gizli bir şəkildə, daha ucuz şərtlərlə göstərməkdə davam edəcəklər. Taksi xidmətini indiyə qədər icarəyə götürdükləri avtomobillərlə həyata keçirmiş sürücülər isə real olaraq işsiz qalacaqlar. Onların yeni iş yerləri ilə təmin olunması indiki şəraitdə bir o qədər asan olmayacaq”.
Milli Məclisin VI çağırış deputatı Vahid Əhmədov Rəhman Hümmətovun brifinqdəki çıxışını izlədiyini bildirib:
“Bir müddət əvvəl nəqliyyatla bağlı Milli Məclisdə dinləmələr keçirdik. Hətta həmin vaxt Rəhman Hümmətov da orada iştirak edirdi. Biz dedik ki, taksi sayı azaldılacaqsa, o zaman onların iş yerləri məsələsini də həll etmək lazımdır. Cavab verdilər ki, bəs heç bir problem yoxdur, həll ediləcək. Rəhman Hümmətovun brifinqdəki çıxışını diqqətlə izlədim. Onlar təklif edirlər ki, 1000-dən çox avtobus var və faktiki olaraq həmin avtobuslara sürücülər tələb olunur. Həmin sürücülər də gedib, orada işləyə bilərlər. Qalanları necə olacaq, bilmirəm”.
V.Əhmədovun fikrincə, işsiz qalan taksi sürücüləri mütləq işlə təmin olunmalıdırlar:
“Qanunvericilikdə də bu var ki, əgər sən kimisə müəyyən islahatlarla bağlı işdən azad edirsənsə, mütləq həmin şəxsi işlə təmin etməlisən. Çünki bu insan da dolanmalıdır. Ya işsizliklə əlaqədar sığorta fondundan vəsait almalıdır, ya da işlə təmin olunmalıdır ki, müəyyən bir maaş alaraq ailəsinin ehtiyaclarını qarşılaya bilsin. İşçi ixtisara düşübsə, onu küçəyə özbaşına ata bilmərik axı. Qanunumuzda da belə bir şey yoxdur! İşsiz qalan taksi sürücülərini işlə təmin etmək rəqəmsal inkişaf və nəqliyyat nazirinin borcudur. Bundan sonra öhdəlik həmin qurumun üzərinə düşür”.
Zaira Akifqızı
Globalinfo.az