Hazırda Almaniyada yaşayıb, fəaliyyət göstərən jurnalist Yeganə Əmiraslanova Feysbuk hesabında açdığı canlı yayımda xərçəng xəstəliyinin 4-cü mərhələsində olan vətəndaşlarımızı Almaniyaya müalicə üçün üz tutmamağa səsləyib. O sözügedən şəxslərin müalicəsində Almaniya səhiyyəsinin yetərsiz olduğunu, dünyasını dəyişən insanların yaxınları cənazəni götürmədiyi halda meyitin yandırıldığını vurğulayıb.
Globalinfo.az-a danışan Almaniyada yaşayan jurnalist Fərahim Qasımov deyib ki, Almaniyanın bütün şəhərlərində bələdiyyələrin cənazələrin götürülməsi ilə bağlı müəyyənləşdirdiyi qaydalar var:
“Bu qaydalarla bağlı bəzi şəhərlərdə dəyişikliklər olunsa da ümumilikdə eynidir. Məzar yerləri kirayələnir. Torpaq almaq, yaxud kirayələmək üçün mütləq bələdiyyəyə gedilməlidir. Qəbiristanlıqlar da bələdiyyələrin ixtiyarındadır. Kirayə müddəti 5-10-15 il kimi dəyişir. Hansı dinə mənsub olmasından asılı olmayaraq bir şəxs vəfat etdiyi halda həmin dəfn yeri üçün illik icarə pulu ödənməlidir. Qəbiristanlığın təmizlənməsi, abadlaşdırılması və s. həmin pullar hesabına həyata keçirilir.
Cəsədlərin yandırılması isə əsasən dəfn yerlərinin kirayə haqqının ödəyə bilmədikdə üz tutulan yoldur.
Digər bir versiya isə torpağın qəbiristanlıqlarla zəbt olunmasının qarşısını almaqdır.
Yandırılma mərasimi də ödənişlidir. 2-3 min avroya başa gəlir. Son bir ildə dəfn yerlərinin qiymətinin artması insanların daha çox cənazənin yandırılması üsuluna üz tutmasına səbəb olur”.
Jurnalistin fikrincə, Almaniyada kimsəsizlər qəbiristanlığı kimi bir anlayış yoxdur:
“Əgər cənazənin sahibi müəyyən olunmuş müddət ərzində tapılmasa həmin cənazə yandırılır və külün hansı formada saxlanıldığı ilə bağlı məlumatım yoxdur”.
Fərahim Qasımov qeyd edir ki, Almaniyada səhiyyə həddindən artıq bahadır:
“Azərbaycandan Almaniyaya yüksək təbəqənin nümayəndələri müalicə üçün gəlir. Ağır xərçəng xəstəliyindən əziyyət çəkən, ümumi müalicədən nəticə ala bilməyən şəxslər də Almaniyaya qaçqın statusu üçün müraciət edərək gəlirlər. Çox ağır xəstələrin müalicəsi dünyanın heç bir yerində mümkün deyil. Təəssüf ki, həmvətənlərimiz bu müraciətləri edərkən xəstəliklərinin dərəcəsini müəyyənləşdirə bilmirlər”.
Safura Bənnayeva
Globalinfo.az