ezza scaled

İsrail İrana hücumlar fonunda Qəzzaya bütün keçidləri qeyri-müəyyən müddətə bağlayıb və mühasirəyə alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, sözügedən addım artıq ərzaq qiymətlərini bahalaşdırıb:

“Bu, 2 milyon insanı yeni aclıq böhranına sürükləmək deməkdir. İki ildən çox davam edən müharibə və İsrailin ərazinin təxminən 60%-nə nəzarət etməsinə görə Qəzzanın demək olar ki, bütün ərzaq məhsulları kənardan gətirilirdi. Hazırda əhalinin böyük bir hissəsini qida ilə təmin edən humanitar qruplar təchizatın yalnız bir neçə günə çatacağını bildirirlər.

Məsələn, “World Central Kitchen” təşkilatının rəhbəri Xose Andres deyib ki, əgər sərhədlər bağlı qalsa, bu həftə ərzaq tükənəcək. “Biz hər gün 1 milyon isti yemək bişiririk, ona görə də ərzaq çatdırılmasına ehtiyacımız var”.

Beynəlxalq qida təhlükəsizliyi üzrə ekspertlərdən biri isə Qəzzada yalnız bir həftəlik təzə qida ehtiyatının olduğunu bildirib.

Nəşr xatırladıb ki, İsrail ötən yaz da Qəzzaya tam mühasirə tətbiq edib və ardınca ərzaq daşınmalarına ciddi məhdudiyyətlər qoyub, nəticədə aclıq yaranıb:

“İsrailin İrana hücumu xəbəri yayıldıqca, aclıq dövrləri xatırlayan fələstinlilər təchizat almaq üçün qaçıblar və bu da qiymətləri qaldırıb. 25 kiloqramlıq unun qiyməti ötən həftə təxminən 30 şekeldən (təxminən 16 manat) üç dəfə artaraq 80-100 şekelə (təxminən 44-55 manat) çatıb. Şəkər, uşaq bezi və bitki yağı da daxil olmaqla digər zəruri malların dəyəri ikiqat artıb”.

“The Guardian” həmçinin mövzu ilə bağlı qəzzalıların da fikirlərini bölüşüb.

Məsələn, əslən Qəzzanın şimalından olan 50 yaşlı yeddi uşaq atası Sübhi Əl-Zaaneen bunları deyib: “Atışmadan çox aclıq bizi qorxudur”.

Yaxud 49 yaşlı beş uşaq anası Üm Məhəmməd Hicazi: “Bəziləri kimi qiymətlər artmazdan əvvəl ərzaq almaq və saxlamaq üçün kifayət qədər pulum yoxdur. Evimiz müharibədə dağıdılıb və biz beş dəfə didərgin düşmüşük. Təşkilatlardan aldığımız yardımdan kiçik bir ərzaq ehtiyatım var, amma keçidlər bağlı qalsa, bu, bir neçə günə kifayət edə bilər”.

Məlumata görə, İsrail İordaniya və Misirlə sərhəd keçidlərini açıq saxlayıb və ölkə daxilində qida logistika şəbəkəsi hələ də fəaliyyət göstərir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: