İsrail ordusu Qəzza zolağına daxil oldu – Çox sayda fələstinli cənuba axışdı

22:36

İsrail ordusu girovların yerini müəyyən etmək üçün Qəzza zolağında reydlər keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Bildirilir ki, məqsəd HƏMAS silah qruplaşmasını zərərsizləşdirməkdir.

Qəzza zolağına daxil olan hərbçilər HƏMAS-ın əsir və girov götürdüyü israillilərin axtarışına kömək edə biləcək maddi sübutlar tapıb:

“İsrail əsgərləri axtarış aparıb və girovların tapılmasına kömək edəcək sübutlar toplayıb. Bundan əlavə, əsgərlər ərazidə yerləşən terrorçuların sığınacaq yerlərini və infrastrukturunu, o cümlədən İsrail ərazisinə raket atan HƏMAS qüvvələrini məhv ediblər”.

İsrail ordusu şimal zolağının sakinlərinə ərazini tərk etməyi əmr etdikdən sonra çox sayda  fələstinli cənuba axışıb.

İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi, kontr-admiral Daniel Haqari bildirib ki, zirehli və piyada qüvvələri ərazidə axtarışlar aparıblar və İsrail ərazisinə soxulmaq niyyətində olan tank əleyhinə idarə olunan raket birləşmələrinin qarşısını alıblar.

“Müdafiə Qüvvələri itkin düşmüş şəxslərin axtarışına kömək edə biləcək tapıntılar aşkar ediblər”, – deyə Haqari qeyd edib.

“Biz itkin düşmüş şəxslər və girovlarla bağlı bütün təfərrüatları bilmək üçün səylərimizi davam etdirəcəyik”, – o, əlavə edib.