iran israil abs 900x506 Photoroo

“Tehran müharibənin olmasında maraqlı deyil, çünki mümkün toqquşma İrana müdaxiləyə qədər uzana bilər. Məhz müharibənin olmaması üçün “müharibəyə hazırıq” mesajı verir və bu, həm də ABŞ başda olmaqla İsrailin müttəfiqlərinə yönəlib”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı İran xarici işlər naziri Abbas Araqçının “İran mümkün müharibəyə hazırdır, amma sülhdən yanadır” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Tehran xəbərdarlıq edir ki, İsrailin qarşısı alınmasa, xüsusilə İranın neft və nüvə obyektlərinə hücum olarsa, qarşılıq verəcək və böyük esakalasiya yaşanacaq:

“Nə ABŞ, nə də digər Qərb ölkələri bunda maraqlıdırlar. İsrail isə maraqlı tərəfdir və əvvəldən əsas hədəflərindən biri İranın bölgədəki “qollarını” kəsməklə yanaşı, Tehranı birbaşa münaqişəyə cəlb etməkdir. Bu baxımdan, İsrailin İranın təklifini nəzərə almayacağı, əksinə, onu böyük müharibəyə sürükləyəcək addımları intensivləşdirəcəyi gözləniləndir.

İsrail İrana ABŞ-ın istəyi ilə cavab vermədi, lakin bu, müvəqqəti xarakter daşıyır, hadisələrin eskalasiyanın genişlənəcəyi istiqamətində inkişaf edəcəyi ehtimalı daha çoxdur. Çünki İsrail İrana bağlı, ümumiyyətlə, özünə təhlükə hesab etdiyi qüvvələri – HƏMAS-ı, “Hizbullah”ı, eləcə də digər proksi qüvvələri sıradan çıxarmaq üçün hərəkətə keçib və istəyinə nail olmayana, ən azı bu qüvvələri təhdid yaratmayacaq səviyyədə zəiflətməyənə qədər dayanmayacağı aydın görünür. Hətta qısamüddətli fasilələr olsa belə başa çatmayacaq.

Mümkündür ki, İsrail İrana hərbi müdaxiləni ritorik müstəvidə saxlamaqla ona bağlı proksi qüvvələrin sıradan çıxarılması istiqamətində praktiki addımlarına dəstək əldə edir. Bu baxımdan, İran və İsrail arasında birbaşa müharibə olmasa belə regionda Tehrana bağlı qruplara qarşı əməliyyatlar davam edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: