Bakı Naxçıvana yolu açır: İrəvan ikitərəfli itki ilə üzləşdi


“Prezident İlham Əliyev qeyd edib ki, İran vasitəsilə Naxçıvana dəmiryolu və avtomobil yolunun çəkilməsi barədə razılıq əldə olunub. Amma bir çoxu deyirdi, Azərbaycan Rusiyaya görə Zəngəzur dəhlizini güc yolu ilə açacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan növbəti dəfə regional layihələrdən kənarda qalır:

“İran öz maraqlarına görə Ermənistanı kənara atdı. Halbuki İrəvan siyasi iradə ortaya qoyub, dəhlizin açılmasına gedə bilərdi. Sadəcə, Azərbaycana qarşı patoloji nifrət bunun qarşısını aldı. Bununla da ermənilərin dövlət şüuru olmadığı bir daha sübut olundu. Azərbaycan da məhz son dövrlərdə yaşanan ciddi böhrana görə İran ərazisindən bu dəhlizin açılmasına getməyə bilərdi. Amma Bakının strateji hədəfi və dövlət maraqları bunun reallaşmasını labüd edirdi.

Demək olar ki, Rusiya və İran Ermənistanı tək qoydu. ABŞ isə Zəngəzur dəhlizinin əleyhinədir, orta dəhlizə isti baxmır. Vaşinqton məhz “Baharat” dəhlizini gündəmə gətirməklə Hindistan, Səudiyyə Ərəbistanı və İsrail üzərindən yeni dəhliz memorandumu imzalamışdı.

HƏMAS-la müharibədən sonra Səudiyyə Ərəbistanı-İsrail əlaqələrinin yenidən pozulması bu dəhlizin perspektivinin üstündən xətt çəkdi. Gözlər yenidən Naxçıvana açılacaq dəhlizdə olacaq. Bu dəhlizdən Hindistan da istifadə edəcək. Nəticədə Hindistanın Ermənistana dəstəyi zəifləyəcək. Azərbaycan bununla da nəzərdə tutulan Hindistan-İran-Ermənistan dəhlizini aradan qaldırdı və İrəvan hər iki dəhlizdən məhrum oldu. Ermənistan növbəti dəfə sinifdə qaldı”.

Turan Rzayev
Globalinfo.az