Mirzoyan Rubio 1231

 

İran-ABŞ qarşıdurmasının gücləndiyi vaxtda Ermənistanın Vaşinqtonla yaxınlaşması regionda yeni siyasi müzakirələrə səbəb olub. Bu fonda ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri diqqət çəkir. Uzun müddətdir Azərbaycana qarşı sərt ittihamlar səsləndirən İran mediasının Rubionun Ermənistana səfərinə, eləcə də ABŞ-ın bu ölkə ilə yaxınlaşmasına susqunluğu suallar doğurur.

Azərbaycana qarşı iftiralar yağdıran İran propaqandası Rubionun səfərinə niyə münasibət bildirmir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, bir-birilərinə zidd mövqedə duran, hətta düşmən münasibətində olan bir sıra dövlətlər Azərbaycan məsələsində daim eyni mövqedən çıxış ediblər:

“Bunun dəfələrlə şahidi olmuşuq. Bu, xüsusilə işğal dövründə və sonrakı mərhələdə daha açıq şəkildə özünü göstərib. Həmin dövlətlər arasında Azərbaycana qarşı neqativ münasibəti ilə seçilən İran xüsusi yer tutub. İran tərəfinin zaman-zaman Azərbaycana qarşı təhdidlər səsləndirməsi, yaxud müxtəlif ittihamlar irəli sürməsi artıq adət halını alıb. Bununla yanaşı, Ermənistanla münasibətdə İranın tamamilə fərqli davranış sərgilədiyini də müşahidə etmişik. Belə ki, Ermənistanın atdığı addımların İrana təhlükə yaratmadığı, yaxud rəsmi İrəvanın müəyyən izahatlar verməsi kimi arqumentlər irəli sürülərək bu məsələlərə daha yumşaq münasibət göstərilib”.

oqtay qasimov 5

Oqtay Qasımov

Politoloq bildirib ki, ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunan razılaşmalara əsasən, Zəngəzur dəhlizi üzərində müəyyən nəzarət mexanizmlərinin ABŞ tərəfindən həyata keçirilməsi qərarlaşdırılıb:

İran Zəngəzur dəhlizi, yaxud “Tramp marşrutu” ilə bağlı Azərbaycana qarşı neqativ mövqe sərgiləyirdi, lakin Rubionun Ermənistana səfərinə susqunluq nümayiş etdirir. Zəngəzur dəhlizinin açılması həm Ermənistanın suveren qərarı, həm də onun üzərinə götürdüyü öhdəlikdir. Belə ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən Ermənistanın həmin dəhlizin açılması ilə bağlı konkret öhdəliyi mövcuddur. Bu səbəbdən İran nə qədər etiraz etsə də, başqa dövlətlərin müstəqil qərarlarına qarşı çıxmaq imkanları məhduddur.

Hesab edirəm ki, İranın mövqeyini formalaşdıran əsas amillərdən biri Ermənistanla münasibətlərə pozitiv yanaşması, digəri isə hazırkı mərhələdə ABŞ-la münasibətlərdə mövcud vəziyyətdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: