İrəvanın Bakıya qarşı “böyük” oyunu: Sərhəddə hazırlıq görülür

Antiterror əməliyyatlarından sonra bir sıra Qərb və Ermənistan KİV-lərində “Azərbaycan Ermənistana hücum edəcək” məzmununda xəbərlər tirajlanır. Bakının İrəvanla toqquşmaya hazırlaşdığı, Zəngəzur uğrunda döyüşlər olacağı ilə bağlı iddialar müzakirəyə çıxarılır.

Lemkin İnstitutu “qırmızı bayraq” xəbərdarlığı ilə iddia edib ki, “Azərbaycan yaxın günlərdə və ya həftələrdə Ermənistanın cənubunu ələ keçirə bilər”.

Həmçinin “Politiko” nəşri də eyni məzmunla Azərbaycanı ittiham edərək “xəbərdarlıq” siqnalları verir. Son olaraq ABŞ Dövlət Departamenti bu xəbərlərə münasibətdə Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan bəyanat yayıb.

Bəs buna səbəb nədir? Mövcud proseslər fonunda Azərbaycanı Ermənistana hücum edəcək ölkə kimi göstərmək və ona qarşı çağırışlar etməkdə nəyə nail olunmağa çalışılır? Bütövlükdə iddianı yayan tərəf həqiqətənmi Qərbdir, ya arxasında başqası dayanır?

Fərhad Məmmədov

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, bu informasiya məqsədli şəkildə yayılır:

“Guya Azərbaycanın Ermənistan ərazisini işğal etməyə hazırlaşması ilə bağlı məlumatlar Lemkin İntitutunun, “Politoko” nəşrinin yaydığı informasiya təxribatlarıdır. Düşünürəm ki, 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatından sonra Azərbaycan Fransanın təşəbbüsü ilə təşkil edilən Qranada görüşündə iştirak etmədiyinə, Brüsselə getmədiyinə görə Ermənistan və onun Qərb dəstəkçiləri tərəfindən bu kimi təxribatlara üzləşir. Burada məqsəd Ermənistandakı Avropanın müşahidəçi missiyasının tərkibini artırmaqdır. Əvvəllər onlar Avropa İttifaqı (Aİ) ölkələrindən 100 nəfər üçün icazə almışdılar. Nəzərə almaq lazımdır ki, Aİ-də bunun üçün bütün dövlətlər razılıq verməlidir. Bəzi ölkələr isə İrəvanın bu istəyi ilə bağlı missiyanın tərkibinin hansı əsasla artırılmasının vacib olduğunu soruşurlar”.

F.Məmmədov qeyd edib ki, İrəvan belə bir informasiya xofu yaratmaqla Avropanın müşahidəçi missiyasının tərkibini artırmağa çalışır:

“Fransa və Ermənistan öncədən Avropanın müşahidə missiyasının Qarabağda yerləşdirilməsini tələb edirdilər. Daha sonra Zəngəzur dəhlizi boyunca bu missiyasının qərarlaşmasını irəli sürdülər. Son olaraq isə missiyasının səlahiyyət dairəsinin Azərbaycan və Ermənistan sərhəddinin 1000 kilometrdən çox ərazini əhatə etməsi əsas göstərildi. 19-20 sentyabrdan sonra Qarabağ məsələsi bağlandı. Beləliklə Avropa İttifaqı missiyasının həmin əraziyə keçməsi mümkün deyil. Həmçinin Bakı artıq Zəngəzur dəhlizi mövzusunun onun üçün aktual olmadığını da bildirir. Belə olan halda bircə sərhəd zonası qalır. Ona görə də Avropanın missiyası artıq həmin ərazilərdə müvəqqəti deyil, stasionar ofislər qurmağa başlayıb.

Belə bir şəraitdə “Azərbaycan Ermənistanın ərazisini işğal etmək istəyir” kimi bir informasiya xofu yaradırlar ki, missiyanın tərkibinin artırılmasını əsaslandırsınlar”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev mövzu ilə bağlı Globalinfo.az-a bildirib ki, bu, ermənilərin və erməni diasporasının oyunudur, Qərbin bu məsələdə o qədər də rolu yoxdur.

Ayşən Mustafa
Globalinfo.az