İrəvandan əsir əsgərlərimizin qaytarılması haqda İLK İSMARIŞ – VİDEO

15:27

“Hələ ki, ilkin istintaq müddətində azərbaycanlı əsirlərin erməni əsirlərlə (Azərbaycanda erməni əsir yoxdur – red.) dəyişdirilməsi mümkün deyil, amma daha sonra bu ehtimal müzakirə edilə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Armen Xaçatryan deyib.

A.Xaçatryan əsirlərin taleyinin araşdırma prosesindən sonra məlum olacağını bildirib:

“Azərbaycanlı əsirlərin qaytarılacağı ilə bağlı nəsə demək olmaz. Bunun üçün ilk olaraq onların ittiham edildikləri məqamlar üzrə araşdırma aparılmalı, cinayət əməli müəyyən edilməli, daha sonra siyasi müstəvidə müvafiq proseslərə başlanılmalıdır. Bizim də Azərbaycanda əsirlərimiz (?) var. Mütləq operativ şəkildə araşdırma aparılacaq. Daha sonra ölkələr arasında bu mövzuda razılaşmanın mümkünlüyünə baxmaq olar”.

Qeyd edək ki, bu, Ermənistandan əsirlərimizin qaytarılması və ya dəyişdirilməsi məsələsində ilk siqnal hesab edilə bilər.

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundov əlverişsiz hava şəraitində yolu itirərək Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisindən Ermənistan ərazisinə keçiblər. Hər iki əsgər Ermənistan tərəfindən əsir götürülüb, işgəncələrə məruz qalmaları ilə bağlı Ermənistan mətbuatında görüntülər yayımlanıb. Onların barəsində cinayət işi açılıb, həbs ediliblər.

Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanda erməni hərbi əsirlər yoxdur. Hərbi cinayətlərdə iştirak edən erməni terrorçular var ki, onlar da müvafiq maddələrlə həbs ediliblər.

Ayşən Mustafa
Globalinfo.az