GettyImages 2273939959 20260504 143314

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri və “Avropa Siyasi Birliyinin” samitində iştirakı Rusiyada narazılığa səbəb olub. Zelensinin sammitdə Moskvaya ünvanlı təhdid mesajları verməsi Kremldə etiraz doğurub.

Sözügedən sammit Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə kimi təqdim olunur. Ermənistan rəhbərliyinin ünvanına tənqidi bəyanatlar səsləndirilir.

Seçki öncəsi dövrdə Kremlin Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı siyasi təzyiqi artırmaq və ya “qisas xarakterli” addımlar atmaq ehtimalı varmı?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, “Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən sammitinə iştirakçıları rəsmi Brüssel dəvət edir:

“Ermənistan heç bir dövlət başçısını dəvət etmir. Bu, “Avropa Siyasi Birliyi”nin sammitidir. Ona görə də Brüssel tərəfindən dəvət olunan Volodimir Zelenski ev sahibi kimi Nikol Paşinyanla da görüşüb və danışıqlar aparıb. Rusiyanı qəzəbləndirən məsələ Zelenskinin səfərindən ziyadə, “Avropa Siyasi Birliyi”nin sammitinin məhz Ermənistanda keçirilməsidir. Ona görə də Rusiya Nikol Paşinyanın qərbyönümlü siyasətini və seçki qabağı belə bir sammiti özünün geosiyasi mövqelərinə təhdid kimi qəbul edir.

mehemmed esedullazadeee 900x574 2
Məhəmməd Əsədullazadə

Rusiya qəti şəkildə Avropanın gəlib onun uzun illər forpostu olmuş bir ölkədə sammit keçirməsinə dözümlü yanaşmır. Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranır və bu prosesdə Ermənistanın rol alması Moskvanın ona qarşı təhdidləri daha da artırması istisna deyil. Kütləvi informasiya vasitələrində və digər rəsmi şəxslər tərəfindən müəyyən hücumlar həyata keçirilə bilər. Seçkilərdə qarışıqlıq yaradılması da mümkündür. Ermənistanın Rusiyanın orbitindən çıxmaq istiqamətində real addımlar atması müşahidə olunacaq. Hər şey 7 iyun seçkilərinin nəticələrindən asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: