“Azərbaycan və Ermənistan arasında sülh danışıqları qarşı tərəfin qeyri-konstruktiv mövqeyi səbəbindən dalana dirənib”.
Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev Bakı-İrəvan münasibətlərinin hazırkı vəziyyətini dəyərləndirərkən deyib.
O qeyd edib ki, Ermənistan Azərbaycanla danışıqlardan yayınır:
“Çünki İrəvanın əlində rəsmi Bakının haqlı tələblərinə qarşı qoyacağı arqumenti yoxdur. Londondakı görüşdən imtinanın əsas səbəblərindən biri də bu idi. Digər önəmli səbəb isə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Britaniyanın görüşə vasitəçilik etmək istəməsi oldu.
Görünür, əsas dəstəkçiləri ABŞ Prezidenti Co Baydenin və Fransa Prezidenti Emmanuel Makaronun hakimiyyətdən getmək təhlükəsi Nikol Paşinyanı qorxuya salıb”.
Zeynal Əmrəliyev
Politoloqun sözlərinə görə, son zamanlar İrəvanda mövqe dəyişikliyi hiss olunur:
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın növbəti ikitərəfli görüşə ev sahibliyi etməyə hazır olduğunu bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə rəsmi Bakının belə görüşlərə hazır olduğunu deyib. Lakin İrəvandan hələ ki cavab yoxdur. Əgər Ermənistan tərəfi bu görüşdən də qaçarsa, sülh müqaviləsinin imzalanması uzun zaman alacaq.
Xüsusilə son zamanlar xaricdən gələn bəzi dəstəklər, Avropa Sülh Fondu və digər bu kimi təşkilatların ayırdığı maliyyə, Fransadan daşınan silahlar İrəvanda ümidlər yarada bilər. Təəssüf ki, Avropanın bir çox dövlət və təşkilatları Cənubi Qafqazda vəziyyətin gərginləşməsi üçün əllərindən gələni edirlər”.
Turan Rzayev
Globalinfo.az