Donald Trampın dörd il sonra yenidən ABŞ-ın prezidenti seçilməsi bir çox məsələləri gündəmə gətirib. Bildiyimiz kimi, Tramp 44 günlük Vətən müharibəsi zamanı Amerikanın prezidenti idi. O, bu postda olarkən Azərbaycanla Ermənistan arasında müharibə başladı. İndi isə iki ölkə arasında sülh sazişinin imzalanması üçün danışıqlar aparılır. Maraqlıdır, Trampın prezidentliyi dövründə başlayan Qarabağ müharibəsi, onun yenidən hakimiyyətə qayıtması ilə məntiqi sonluqla – sülh müqaviləsinin imzalanması ilə yekunlaşa bilərmi?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadənin fikrincə, ABŞ-da kimin hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün İrəvanın Azərbaycana qarşı ərazi iddiasından imtina etməsi, yəni konstitusiya dəyişikliyini həyata keçirməsi lazımdır.
O, ABŞ-ın Azərbaycana təzyiqlərindən bəhs edib:
“İndiyə qədərki ABŞ hakimiyyəti tələsik və yarımçıq sülh sazişinin bağlanması üçün Azərbaycana davamlı təzyiqlər edirdi. Amma bütün bu təzyiqlərə baxmayaraq rəsmi Bakı öz mövqeyindən geri çəkilmədi. Çünki geri çəkilmək və ərazi iddiaları ortadan qaldırılmadan sülh sazişi bağlamaq gələcəkdə Ermənistana öz konstitusiyasına istinad edərək ərazi iddialarını davam etdirmək imkanı verə bilərdi.
Yusif Bağırzadə
Ermənistanın sürətli şəkildə silahlanması fonunda revanşist hisslərin baş qaldırıldığı ortadadır. Nikol Paşinyan hakimiyyəti isə əbədi hakimiyyət deyil və biz sülh sazişini Paşinyanla yox, Ermənistanla bağlayırıq. Sabah bu hakimiyyət olmayacağı təqdirdə digər hökumətlərin konstitusiyanı əsas tutaraq, imzalanmış sazişdən imtina ehtimalı da kifayət qədər yüksəkdir. Odur ki, ABŞ-da kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq əgər Birləşmiş Ştatlar yenə də razılaşdırılmamış məsələləri kənara atılmaqla sülh sazişində israr edəcəksə, demək ki, sülh də olmayacaq”.
Politoloq 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə qarşı sanksiyaların tətbiq edildiyini və ABŞ-ın heç bir addım atmadığını bildirib:
“Bəli, biz İkinci Qarabağ savaşına məhz Trampın birinci hakimiyyəti dövründə başladıq və qalib gəldik. O da məlumdur ki, həmin vaxt, yəni 44 gün və ondan sonrakı dövrdə Konqresdəki demokratların ölkəmizə qarşı sanksiya tələblərinə baxmayaraq, Trampın rəhbərlik etdiyi Ağ Ev administrasiyası ölkəmizə qarşı bu istiqamətdə hər hansı addım atmadı. Odur ki, indi də Donald Trampın hakimiyyətə qayıdışı bu istiqamətdə real nəticəyə gəlməyin mümkün olacağı ehtimalını artırır. Bunun üçün isə Ağ Evin Bayden hakimiyyəti dövründə olduğu kimi, Azərbaycana təzyiq etməsi yox, Ermənistana real sülhün əldə olunması yolunun konstitusiya dəyişikliklərini həyata keçirmək olduğunu başa salmaqdan keçir. Əgər bu baş verəcəksə, tez bir zamanda sülh sazişinin imzalanmasının şahidi olacağıq”.
Zaira Akifqızı
Globalinfo.az