Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi son günlər geniş müzakirələrə səbəb olub. Belə ki, münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr – Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Sərdar Kılıç arasında baş tutan görüşdə tərəflər diplomatik rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.
Tərəflər normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını da təsdiqləyiblər. Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycanı xüsusilə maraqlandırır. Bəzi ekspertlər bu prosesin Bakının maraqlarına uyğun olduğunu desə də, məsələyə neqativ baxanlar da var. Ekspertlər hesab edir ki, Bakı bu prosesin sonunda İrəvana qarşı ən böyük təzyiq vasitəsini itirəcək.
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Nikol Paşinyana qarşı son dövrlər ərzində mitinqlərin çox olması Baş nazirdə artıq immunitet formalaşdırıb:
Rüstəm Tağızadə
“Paşinyanın Türkiyə ilə sərhədə gəlməsi və burda görüşlər keçirməsi rəsmi Ankara ilə münasibətlərin normallaşması prosesinə hesablanıb. Düşünürəm, Türkiyəyə Qərb dövlətlərindən təzyiq də var. Buna baxmayaraq, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra iqtisadiyyatı yenidən qurmaq yolunda addımlar atmaq istəyir. Ancaq Azərbaycan ilə sülh müqaviləsinin olmaması və öz konstitusiyasında bizə qarşı torpaq iddiası irəli sürməsi Ermənistanı iqtisadi imkanlardan məhrum edir.
Ermənistan hökuməti Türkiyədən asılıdır. Çünki, Gürcüstandan keçən yollar qış aylarında bağlana bilir, həmçinin Türkiyə Ermənistanın dənizlərə və Avropaya çıxışını təmin edir. Məhz buna görə Ermənistan hökuməti canfəşanlıq edir. Orta Dəhlizin açılması prosesi əslində Ermənistana sərf edir. Tranzit yolunun üstündə yerləşərək gəlir qazana bilər.
Buna baxmayaraq Ermənistan son dövrlər bölgədə pozuculuq siyasəti yürüdür. Fransa tərəfindən silahlandırılması region üçün təhdid yaradır. Bu amil sülh müqaviləsi prosesini də gecikdirir. Nikol Paşinyanın sərhədə gəlməsi yenə davam edəcək. Ancaq Azərbaycan ilə münasibətlərdə əməli addımlar atmaması və Ermənistan daxilində sülhü istəməyən qüvvələrin olması Ermənistanın özünə zərəri olacaqdır. Ümumi olaraq bölgədə siyasi vəziyyət gərgin olaraq qalır. Buna Yaxın Şərqdə davamlı siyasi proseslərin də təsiri var”.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərini kifayət qədər zəiflədəcək:
Məhəmməd Əsədullazadə
“İkitərəfli əlaqələrin inkişafı İranın mane olduğu Zəngəzur dəhlizinin açılması ilə nəticələnə bilər. Türkiyə işğal faktoruna görə Ermənistanla sərhədləri bağlayıb. İşğala son qoyulub və Ermənistanla sərhədlərin açılmasında problem də aradan qalxıb. Prezident İlham Əliyev işğal faktoru aradan qalxdığı üçün Türkiyənin Ermənistanla normallaşma prosesində problem olmadığını qeyd etmişdi. Buna baxmayaraq Türkiyə Ermənistanla əlaqələrin inkişafını Azərbaycanla koordinasiyalı aparıldığını elan etdi.
Cənubi Qafqazda formalaşmış yeni geosiyasi nizamı Türkiyə ABŞ-la birgə həyata keçirir. Buna Türkiyə-Ermənistan əlaqələrinin bərpası, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi və Zəngəzur dəhlizinin açılmasını misal göstərmək olar. Qeyd edim ki, ABŞ-ın regiona yanaşması praqmatikdir və Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Çünki ABŞ Mərkəzi Asiyaya açılım siyasəti aparır. Yüklərin daşınmasını Azərbaycan üzərindən Zəngəzur yolu vasitəsilə həyata keçirməyi planlaşdırır. Bunlar da ABŞ-ın geosiyasi maraqlarına cavab verir və Azərbaycanla maraqları üst-üstə düşür. Zəngəzur dəhlizinin açılmasını artıq ABŞ Ermənistandan tələb edir”.
Turan Rzayev
Globalinfo.az