İranla ABŞ arasında atəşkəs razılaşmasının əldə olunması və danışıqlar üçün ortaq qərara gəlinməsi digər böyük münqişələrin də həlli ehtimalını gündəmə gətirib.
Yaxın Şərqdə əldə olunan nisbi sabitlik modeli Ukrayna müharibəsinə mümkün təsirləri baxımından da müzakirə olunur. Analitiklər hesab edir ki, İran nümunəsi böyük güclər arasında dolayı anlaşmaların və məhdud kompromislərin mümkünlüyünü göstərsə də, Rusiya-Ukrayna müharibəsinin mahiyyəti və tərəflərin strateji hədəfləri bu ssenarinin eyni şəkildə tətbiqini çətinləşdirir.
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov bildirib ki, hələlik İsrail-ABŞ birliyi ilə İran arasındakı müharibənin tam başa çatdığını demək olmaz:
“Amma danışıqlara gedilməsi müsbət bir haldır. Təcrübə göstərir ki, bir münaqişə səngiyirsə, başqa cəbhələrdə aktivləşmə riski artır. Fikrimcə, Rusiyanın Ukraynadan geri çəkilmə ehtimalı yoxdur. Ancaq Moskva iddialarını reallaşdırmasının imkan xaricində olduğunu anlayır. Eyni zamanda Ukrayna da güzəştə getməli olacaq.
İran–ABŞ münaqişəsinin səngiyəcəyi halda, Rusiya–Ukrayna və Pakistan–Əfqanıstan qarşıdurmalarının alovlanacağı təxmin edilir. Hətta onların fonunda Uzaq Şərqdə yeni bir münaqişə ocağı yarana, başqa ölkələr də buna cəlb oluna bilər.

Füzuli Qurbanov
Bunlar hələlik ehtimallardır. İndiki məqamda Rusiyanın İran–ABŞ gərginliyinin səngiməsinə necə münasibət göstərəcəyi məlum deyil. Yaxın Şərqdə elə dövlətlər var ki, münaqişənin bitməsini istəyir. Bu ölkələrdən biri Türkiyədir. Ümid edək ki, münaqişə səngiyəcək və bundan sonra alovlanması ehtimalı azalacaq”.
Turan Rzayev
Globalinfo.az