İranla bağlı yenilik var: nazirlər danışdı, Bakının Tehrandan tələbi…

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında növbəti telefon danışığı olub. Görüş zamanı bir çox məsələ ətrafında tərəflər fikir mübadiləsi aparıb.

Diqqətçəkən məqam iki ölkə münasibətlərinin gərgin olmasına baxmayaraq dialoqun davam etməsidir. Bununla belə, rəsmi Tehranın münasibətləri normallaşdırmaq üçün addım atmaması da diqqət çəkir.

Maraqlıdır, İran və Azərbaycan XİN başçıları səviyyəsində davam edən telefon danışıqları münasibətlərin normallaşması üçün yetərlidir? Tehran indiki məqamda hansı addımı atmalıdır?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, XİN başçıları səviyyəsində telefon danışıqlarının baş tutması iki ölkə arasında diplomatik təmasların birmənalı şəkildə qırılmadığını göstərir, lakin gərginlik də davam edir:

Qabil Hüseynli

“Azərbaycan tərəfi İranın son beş il ərazində etdiyi təxribatları, Ermənistana və separatçılara verdiyi dəstəyi, Tehrandakı səfirliyimizə edilən xain silahlı hücumu və daxildə çaxnaşma yaratmaq cəhdlərini unutmayıb. Rəsmi Bakının Tehrandan cavabını gözlədiyi, izahını tələb etdiyi məsələlər var.

Misal üçün, Tehrandakı səfirliyimizə edilən teraktın pərdəarxası məqamları gün üzünə çıxmayıb. Hadisə ilə bağlı nə istintaq materialları, nə də şəxsin Azərbaycana ekstradisiyası baş tutmayıb.

Bu gün İranda həbs edilən azərbaycanlı tələbənin də taleyi haqda ətraflı məlumat yoxdur. Mümkündür ki, elə XİN başçıları telefon danışığı zamanı əsas bu məsələni müzakirə edib.

Tehran həbs etdiyi tələbəmizi azad etməsə, səfirliyimizə terror hücumunun araşdırılması barədə Bakıya dəqiq məlumat verməsə, hesab edirəm, gərginlik aradan qalxmayacaq.

Azərbaycanın İranla xüsusi bir problemi yoxdur. İran gərginliyi azaltmaq istəyirsə, Bakının tələblərini yerinə yetirməlidir”.

Turan Rzayev
Globalinfo.az