iran baza

Xəbər verdiyimiz kimi, SEPAH-a yaxın mənbələr məlumat yayıb ki, İran ordusuna ölkənin şimal-qərb sərhədlərində (Azərbaycan) baş verən aktivlik səbəbilə HHM sistemlərinin hazır vəziyyətə gətirilməsi barədə əmr verilib.

Maraqlıdır, rəsmi Tehranın belə bir qərar verməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Azərbaycanla Ermənistan yeni hərbi toqquşma astanasındadır:

“İran artıq öz tərəfini göstərir. Belə ki, rəsmi Tehran Ermənistanı hərbi kəşfiyyat məlumatları ilə təmin etmək üçün xüsusi canfəşanlıq göstərir. Bunun fonunda İran Azərbaycana qarşı rəsmi və qeyri-rəsmi səslərini qaldıraraq ortaya yeni fikir atır.

Fikrin motivini iqtisadi-ticari məsələlərdə üstünlük əldə etmək və bununla Azərbaycana təzyiq etmək üçün rıçaqlar qazanmaq təşkil edir.

Məsələn, çalışırlar ki, İran ərazisindən keçərək Naxçıvana gedən nəqliyyat vasitələrinin sürücüləri əlavə yanacaq pulu ödəsinlər.

Ehtimal ki, bu təklifi Azərbaycanın Gorus-Qafan yolunun 21 kilometrlik hissəsində qurduğu postlara cavab olaraq qüvvəyə mindirmək istəyirlər.  Hərçənd ki, İranda təklif edilən rejim tətbiq olunsa belə, onun effektivliyi olmayacaq”.

Aqsin Kerimov 232

Şərhçi vurğulayıb ki, İranın Azərbaycan əleyhinə hərbi təhdidləri davam edir:

“Tehran Azərbaycanla sərhəddə kəşfiyyat uçuşlarının sayını artırdığı dəqiqdir. Mümkündür ki, İran səmadan əldə etdiyi görüntüləri Azərbaycan-Ermənistan hərbi eskalasiyası ssenarisini göz önündə tutaraq İrəvana verməyi hədəfləyir.

Ancaq real döyüş şəraitində həmin məlumatların İrəvana yardım edəcəyini düşünmək yanlışdır, çünki bütün parametrlər üzrə hərbi güc balansındakı nisbətdə Ermənistan Azərbaycanın yanında çox sönük görünür”.

Ekspert bildirib ki, İran səsini ucaltdıqca Azərbaycanın İsraillə əlaqələrini dərinləşdirməsinin qarşısını almaqda aciz qalır:

“Belə olan təqdirdə İran Türkiyənin köməyinə ehtiyac duyur. Yəni molla rejimi Azərbaycanın prinsipial mövqeyində dayandığını gördükdən sonra Türkiyə vasitəsilə narahatlıqlarını çatdırıb mübahisələri həll etmək üçün inandırıcı dəlillər təqdim etməyə çalışır.

Deməli, İranın hədələrinin bir qismi blef, digər qismi isə real ölçüləri özündə ehtiva edə bilən tendensiya kimi nəzərə çarpır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: