İran Xarici İşlər Nazirliyi Macarıstan səfirini XİN-ə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilir ki, səfirin XİN-ə çağrılmasına səbəb Avropa İttifaqının İrana qarşı sanksiyalar tətbiq etməsidir.
Belə ki, Macarıstan Avropa İttifaqına (Aİ) sədrlik edir. Ona görə də, bu ölkənin Tehrandakı səfiri İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini tərəfindən çağırılıb və Avropa Birliyinin İrana qarşı son sanksiya qərarına kəskin etiraz edilib.
İrana qarşı sanksiyalar qəbuledilməzdir və heç bir nəticə verməyəcək”, – Xarici İşlər Nazirliyi bildirib.
Həmçinin vurğulanıb ki, Tehranın digər ölkələrlə müdafiə və hərbi əməkdaşlığı qanuni olaraq İranın mənafeyini və milli təhlükəsizliyini qorumağa yönəlib. Bu, üçüncü şəxslərin müdaxilə edə biləcəyi məsələ deyil.
İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Macarıstan səfirinə bildirib ki, Avropa İttifaqının İranın aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi beynəlxalq qanun və qaydaların, xüsusilə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.
Macarıstanın Tehrandakı səfiri isə öz növbəsində İranın rəsmi etirazını hökumətə çatdıracağını açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az