hormuz 900x600 3

İran parlamenti ABŞ, İsrail və “digər düşmən ölkələrə” məxsus gəmilərin Hörmüz boğazından keçidini məhdudlaşdıracaq qanun layihəsi üzərində işləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi məlumat verib.

Onun sözlərinə görə, “Hörmüz boğazının təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər” adlı sənəd hazırda parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında nəzərdən keçirilir.

Layihəyə əsasən, İsraillə əlaqəli hər hansı hərbi və ya mülki yükün boğazdan daşınmasına icazə verilməyəcək. Eyni məhdudiyyət İranın “müqavimət cəbhəsinə qarşı hərbi əməliyyatlarda iştirak edən” ölkələrin gəmilərinə və yüklərinə də tətbiq edilə bilər.

Sənəddə İranın maraqlarına zərər vuran dövlətlər və şəxslərin kompensasiya ödəyənədək Hörmüz boğazı və Fars körfəzindən istifadə hüququndan məhrum edilə biləcəyi qeyd olunur. Qaydaları pozanlar üçün daşınan yükün dəyərinin 20 faizinə qədər cərimə nəzərdə tutulur.

Qanun layihəsinə görə, Fars körfəzində gəmiçilik fəaliyyətinin tənzimlənməsi, gəmilərin hərəkətinə nəzarət və təhlükəsizliyin təmin edilməsi İran hökumətinin səlahiyyətində olacaq.

Bu prosesdə ölkənin silahlı qüvvələri ilə əməkdaşlıq nəzərdə tutulur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: