“Cenevrədə ABŞ və İran arasında keçirilən son danışıqlar sülhə ümid yaratsa da, münasibətlərin hələ kifayət qədər gərgin olması səbəbindən yekun qənaət bildirmək çətindir. Birləşmiş Ştatlar İran ətrafında əlavə hərbi qüvvələr və silah-sursat toplamaqda davam edir”.
Bu sözləri Globalinfo.az-a Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli İran-ABŞ gərginliyindəki son durumu şərh edərkən deyib:
Siyasi şərhçi bildirib ki, İran da vəziyyətə biganə qalmadı, öz müttəfiqləri ilə birlikdə Hörmüz boğazı ətrafında hərbi təlimlər keçirdi:
“Bu təlimlərdə İran, Rusiya və Çin birgə iştirak etdilər. Qərb mətbuatı və İran daxilindəki mövcud məlumatların təhlili göstərir ki, müharibəyə hazırlıq prosesi davam etməkdədir. Hazırda tərəflərin razılaşa biləcəyi məsələlər kifayət qədər məhduddur.
Tehrana irəli sürülən şərtlər elədir ki, ölkənin onlarla razılaşması çox da inandırıcı deyil. Şərtlərdə İranın uranı zənginləşdirməkdən imtina etməsi, uzaqmənzilli raket istehsalını dayandırması və Çinlə neft ticarətini məhdudlaşdırması nəzərdə tutulur. Lakin artıq İranın xarici işlər naziri Abbas Əraqçi də rəsmi açıqlama verərək ölkəsinin bunları qəbul etməyəcəyini dilə gətirib.

Mütəllim Rəhimli
Belə bir vəziyyət müharibə ehtimalını artırır. Lakin Birləşmiş Ştatların tərəddüdləri də açıq görünür. ABŞ bu dəfə yalnız İrana qarşı mübarizə aparmayacağını anlayır, çünki Çin və Rusiyanın da aktiv şəkildə münaqişəyə qoşulma ehtimalı istisna edilmir. Belə olan halda Birləşmiş Ştatlar böyük itkilər verə bilər və bu, Prezident Donald Trampın ölkə daxilindəki imicinə ciddi zərbə vuracaq. Nəticədə onun ölkə daxilində hakimiyyətinin sarsılması təhlükəsi yaranacaq.
Ona görə də, tərəflərin açıqlamalarında sülhə doğru addımların atıldığı vurğulansa da, bu, son hədd sayılmamalıdır və təhlükənin tamamilə aradan qaldırıldığı mənasına gəlmir. Durum hələ də kifayət qədər mürəkkəb olaraq qalır və proseslərin gedişi bir çox gələcək ssenarilər haqqında siqnallar verir. Xüsusilə indiki halda dağıdıcı müharibə ehtimalını tamamilə istisna etmək mümkün deyil”.
Turan Rzayev
Globalinfo.az