İrana sərt, Rusiyaya fərqli cavab veririk? – Bakının Tehran mövqeyinin səbəbləri

Rusiya XİN-nin ötən bazar Qarabağdakı vəziyyətə dair yaydığı bəyanata Azərbaycan XİN-in cavabı gecikmədi. Lakin hökumətin tənqidçiləri iddia edirlər ki, rəsmi Bakı İrandan gələn təhdidlərə sərt, Rusiyadan yönələn hədələrə nisbətən yumşaq cavablar verir.

Əslində, bu, qərəzli yanaşma sayıla bilər. Həm rəsmi siyasətdə, həm mediada, həm də ictimaiyyətdə Rusiya ilə bağlı güzəştsiz mövqe özünü açıq göstərir. Rusiya İran kimi açıq və sistemli şəkildə Azərbaycanı hədələmədiyi üçün, görünür, rəsmi mövqe də İrana olandan fərqlənir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, adətən informasiya axını gündəmə uyğun formalaşır:

“İranla bağlı məsələ uzun müddət davam etdi və bu, təbii olaraq əks-reaksiyanın da geniş formada olmasına şərait yaratdı. İran 44 günlük müharibə və sonrasında Azərbaycana qarşı açıq cəbhə almışdı. Ermənistanı açıq şəkildə müdafiə edir, Xankəndidəki separatçıları dəstəkləyir, Azərbaycana qarşı açıq ərazi iddiaları irəli sürür, hətta Azərbaycanı dövlət olaraq tanımadıqlarına dair təbliğat aparırdılar. Bu da sərt reaksiya doğurdu, digər tərəfdən, Rusiyadan fərqli olaraq İranın din baxımından Azərbaycana yaxın olması Tehran rejiminin ermənipərəst siyasətinə daha çox qəzəb yaratdı, o cümlədən, Cənubi Azərbaycandakı soydaşlarımızın üzləşdiyi problemlər ictimai həssaslığı daha da artırdı.

Asif Nərimanlı

Tehrandakı səfirliyimizə qarşı terror aktının törədilməsi, ardınca bu terror siyasətini Azərbaycan daxilinə köçürmə cəhdləri də ictimai etirazı körükləyən amillərdəndir. Rusiya ilə bağlı məsələ bir qədər fərqlidir.

Azərbaycan cəmiyyəti Rusiyanın nə olduğunu bilir və bu ölkədən böyük gözləntisi də yoxdur. Moskvanın Ermənistanı dəstəkləməsi o qədər də təəccüblü deyil bizim üçün. Digər tərəfdən, Rusiya Azərbaycana qarşı siyasət aparsa da, bunu İran qədər açıq müstəvidə həyata keçirmir, az da olsa balansı qorumağa çalışır, Qarabağ üzərindən suverenliyimizə təhdid yaradır, amma Azərbaycana qarşı açıq ərazi iddiaları səsləndirmir. İranla müqayisədə Rusiyaya daha az etirazın edilməsi bundan qaynaqlanır, yəni ictimai rəy əksər vaxt adekvat olur.

Burada dövlətin ictimai rəyi yönləndirməsi amili də müəyyən rol oynaya bilər. Bu, bütün ölkələrdə edilir, adətən informasiya axınının lazım olanda yönünün dəyişdirilməsi gedişləri edilir. İstisna deyil ki, Azərbaycan dövləti də Rusiya ilə açıq qarşıdurmada maraqlı deyil və bu da istər-istəməz informasiya sahəsinə təsir edən amildir. Hərçənd, əsas amil fikrimcə ictimai rəyin adekvatlılığından qaynaqlanır”.

Turan Rzayev
Globalinfo.az