İran və Rusiya Azərbaycana qarşı birləşərsə: Bakının planı

Hazırda Cənubi Qafqaz regionunda əsas müzakirə mövzularından biri də “Şər ittifaqı”nın aktivləşməsidir. Belə fikir var ki, İran və Rusiya Azərbaycana qarşı birləşmək üçün gizli razılığa gəliblər. Azərbaycan təxminəm 200 il öncə bu iki imperialist gücün arasında bölünüb.

Paralel olaraq Türkiyə ilə imzalanan strateji müttəfiqlik sazişi, həmçinin Azərbaycana, ümumilikdə Cənubi Qafqaza marağı olan İsrail faktoru, tarixi İpək Yolunun işə düşməsi və “Bir Kəmər-bir yol” layihəsinin (müasir İpək yolu) qüsursuz və gecikmədən çalışması üçün Çinin burdakı maraqları Tehran-Moskva birliyinin qarşısında gündəmə gətirilir.

Bəs İran və Rusiyanın Azərbaycan üzərində plan və birlik qurmasını nə dərəcədə reallığa uyğun hesab edə bilərik? Bunu necə əngəlləyə bilərik?

Mövzunu Globalinfo.az-a dəyərləndirən politoloq Turab Rzayev bildirib ki, bu birlik uzun müddətdir var:

“Burada təəccüblü və yeni heç nə yoxdur. Artıq 200 ildir sözügedən halı yaşayırıq. Rusiya ilə İran Cənubi Qafqaz siyasətini koordinasiyalı şəkildə həyata keçirirlər. Onların Azərbaycana qarşı fəaliyyətləri də bir-biri ilə əlaqəlidir. İranın Azərbaycanla sərhəddə təlim keçirməsi, Bakıya təzyiqləri böyük ehtimalla Rusiya ilə koordinasiyalı təşkil olunub. Bütün bunların Moskvanın iradəsindən kənar baş verdiyinə inanmıram. Onların fikirləri üst-üstə düşmədiyi zamanda isə Rusiyanın İrana qarşı təzyiqinə şahid olmuşuq.
Xatırlamaq lazımdır ki, 44 günlük müharibədə Ermənistana Rusiya silahlarının daşınması İran üzərindən həyata keçirilirdi. Dronlar, raketlər, artilleriya, müxtəlif texnikalar bu vasitə ilə çatdırılırdı. Eyni zamanda rus texnikası, əsgərləri birbaşa cəbhə xəttində iştirak edirdi ki, bunların bölgəyə gəlişi İran vasitəsilə təmin olunmuşdu”.

Politoloq iki ölkənin Azərbaycan daxilindəki qruplaşmalarının fəaliyyətindən də söz açıb:

“Doğrudur, bəzən maraqlarda toqquşma yaranır, fikirlər üst-üstə düşmür. Amma indi də bu koordinasiyanın olduğunu düşünürəm. Onların əsas ortaq maraqları regiona kənar dövlətlərin, xüsusilə Qərbin və Türkiyənin buraxılmamasıdır. Bəzən öz aralarında mübahisə etsələr də, bölgədə müstəqil siyasət yürüdən ölkələrə qarşı amansız tutumlar sərgiləyirlər. Həmçinin İran və Rusiyanın təsir qrupları Azərbaycan daxilində də koordinasiyalı şəkildə hərəkət etməyə çalışırlar. Bu qrupların bir-birinə dəstəyini də açıq şəkildə görə bilərik. Məsələn, İran qrupları Rusiyanı Ukraynadakı müharibədə, Rusiya qrupları isə İranı Azərbaycana qarşı iddialarında dəstəkləyirlər. Türkiyənin regiona buraxılmaması isə ortaq məqsədləridir”.

Ayşən Mustafa
Globalinfo.az