İran kürdlərin yaşadığı bölgədə repressiyaları şiddətləndirir

Fəalların bildirdiyinə görə, ölkədə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı qadının ölümünün səbəb olduğu etirazlar qızışdığı bir vaxt İran çərşənbə axşamı ölkənin qərbində kürdlərin yaşadığı ərazilərdə təqibləri şiddətləndirib.

İğtişaş polisi İranın Kürdüstan vilayətinin paytaxtı Sənəndəcdə azı bir məhəllədə atəş açıb. Amnesty International təşkilatı və Ağ Evin milli təhlükəsizlik müşaviri Məhsa Əmininin ölümündən qəzəblənən nümayişçiləri hədəf alan zorakılıqları tənqid edib.

Bu arada isə bazar ertəsi ölkənin iki böyük neft emalı kompleksində neftçilər etirazlara qoşulub və bununla da İranın teokratiyası üçün mühüm olan bir sənaye ilk dəfə olaraq iğtişaşlara qatılıb.

İran hökuməti Əminiyə qarşı pis rəftar olunmadığını təkid edir, amma onun ailəsi onun bədənində qançırlar və digər döyülmə əlamətləri olduğunu deyir. Etirazlardan yayılan videolarda təhlükəsizlik qüvvələrinin qadın etirazçıları, o cümlədən hicablarını çıxaran qadınları döydüyü, itələdiyi göstərilir.

Rəsmilərin interneti kəsməsinə baxmayaraq, paytaxt Tehran və başqa şəhərlərdən videolar yayılır.

Bazar ertəsi yayılan videolarda universitet tələbələri və məktəbin yuxarı sinif şagirdlərin nümayiş keçirdiyi, şüarlar səsləndirdiyi, bəzi qadın və qızların küçələrdə baş örtüyü olmadan yürüş keçirdikləri göstərilib.

Etirazlar artıq dördüncü həftəsinə daxil olub. Bu nümayişlər 2009-cu ildə baş verən Yaşıl Hərəkat etirazlarından bəri İranın teokratiyasına qarşı ən böyük etirazlardır.

Hengav İnsan Hüquqları Təşkilatı adlanan bir kürd qrupunun internetdə yaydığı videoda Sənəndəcin qaranlıq küçələrində atəş səsləri eşidilir.

Digər bir videoda ov tüfəngi daşıyan iğtişaş polisinin avtomobildə hərəkət etdiyini və belə görünür, evlərə atəş açdığı göstərilir.

Nyu Yorkda qərargahlanan İran İnsan Hüquqları Mərkəzi çox sayda təhlükəsizlik qüvvələrinin Sənəndəcdə motosikletlə hərəkət etdiyini göstərən video paylaşıb.

“Deyilənə görə, onlar Bəhəran məhəlləsində yüzlərlə maşının pəncələrini sındırıblar” , mərkəz bildirib.

Əmini kürd idi və onun ölümü əsasən də İranın kürdlərin yaşadığı bölgədə daha çox hiss olunub. Belə ki, orada nümayişlər sentyabrın 17-də onun dəfn mərasimində başlayıb.

Amnesty International İranın təhlükəsizlik qüvvələrini “insanların evinə daxil olmaqla odlu silahdan, gözyaşardıcı qazdan istifadə etdiyinə və atəş açdığına” görə tənqid edib. Təşkilat dünyanı İrana təqiblərə son qoyması üçün təzyiq göstərməyə çağırıb. Tehran isə “cinayətlərini gizlətmək üçün” internet və mobil telefon şəbəkələrini pozmaqda davam edir.

İran Sənəndəcdə təqiblərin olduğunu etiraf etməyib. Ancaq İranın Xarici İşlər Nazirliyi Birləşmiş Krallığın ölkənin əxlaq polisi və təhlükəsizlik qüvvələrinin rəsmilərini təqiblərə görə sanksiya tətbiq etməsi səbəbilə Britaniya səfirini nazirliyə dəvət edib.

İranın Xarici İşlər Nazirliyi sanksiyaları “ixtiyari və əsassız” adlandırıb, eyni zamanda Londona qarşı əks-tədbirlər görməklə hədələyib.

ABŞ Prezidenti Co Baydenin mülli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə deyib ki, “dünya İranda baş verənləri izləyir”.

“Bu etirazçılar İran vətəndaşıdır, onlara qadın və qızlar başçılıq edir, onlar ləyaqət və əsas hüquqlarını tələb edirlər. Biz onların yanındayıq və əbəs yerə onların səslərini susdurmaq üçün zorakılıq edənləri cavabdeh tutacağıq” , Sallivan Twitter-də yazıb.

Mənbə: Amerikanın Səsi