Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın son illərdə əldə etdiyi siyasi və hərbi uğurlar ölkənin regiondakı mövqeyini əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası yeni reallıqlar formalaşdırıb və ölkənin beynəlxalq mövqeyini daha da gücləndirib.
Bəs bu proses Azərbaycanın dövlətçilik və beynəlxalq güc kimi mövqeyinə hansı təsirləri göstərib?
Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, sirr deyil ki, müasir dünyamızın çoxsaylı, dərin və mürəkkəb problemləri içərisində biri özünü xüsusilə aydın şəkildə göstərir:
“Bu, qlobal liderlik defisiti ilə bağlıdır. Birmənalı şəkildə söyləmək olar ki, bu gün almanlar Konrad Adenauerin varisləri ilə fəxr edə bilmirlər. Bu gün ingilislər Vinston Çörçillin sonrakı nəsil siyasi varisləri ilə öyünə bilmirlər. Eyni məntiqlə fransızlar da Şarl de Qolldan sonrakı siyasi varisləri ilə qürur duya bilmirlər. Eyni fikri Amerika xalqı və onun ən görkəmli liderlərindən biri Franklin Delano Ruzvelt haqqında da söyləmək olar. Ondan sonra gələn prezidentlər Ruzvelt səviyyəsinə yüksələ bilmədilər. Azərbaycan xalqı isə bu gün fəxr edir, qürur hissi keçirir ki, Ulu Öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyət ona rəhbərlik edib. Eyni zamanda xalqımız Ulu Öndərin özündən sonra elə bir siyasi varis bəxş etməsi ilə də qürur duyur ki, o, həm Ulu Öndərin ən böyük arzularını həyata keçirdi, həmçinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etdi, eyni zamanda Azərbaycanı dünyanın nüfuzlu dövlətlərindən birinə çevirə bildi. Cənab Prezidentin sözləridir: “Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, sözünün çəkisi böyükdür”.
E.Nəsirov İlham Əliyevin çox təvazökar insan olduğunu vurğulayıb:
“O, demir ki, Azərbaycanın bu gün elə də böyük olmayan bir dövlət kimi dünyada böyük nüfuza və çəkiyə malik olmasının səbəbkarı məhz özüdür. Onun yerinə bunu olduqca uğurlu daxili və xarici siyasətində göstərir. Xüsusilə yeritdiyi xarici siyasət sayəsində Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi qəbul edilir. Son 80 ildən artıq bir müddətdə heç bir xalqa və dövlətə itirdiyi ərazi bütövlüyünü və suverenliyini bərpa etmək xoşbəxtliyi nəsib olmayıb. Bu tarixin müəllifi İlham Əliyevdir. O, elə bir tarixi zəfərə imza atıb ki, hələ yüzillər keçəcək və azərbaycanlılar, eləcə də bizim dostlarımız bu tarixlə fəxr edəcəklər. Doğrudan da, İlham Əliyev bu gün tarixi şəxsiyyətdir. O, tarixi yazıb və onu əbədi tarixə yazdırıb”.
Deputat bildirib ki, Azərbaycanın xüsusilə təhlükəsizlik sahəsində qazandığı uğurlar, bu gün Avropanın və dünyanın mühüm logistik mərkəzlərindən birinə çevrilməsi göz qabağındadır:
“Bu gün Azərbaycan sülh prosesində tarixi nailiyyətlərə imza atıb. Cənab Prezidentin rəhbərliyi altında Ermənistanla sülh prosesi irəliləməkdədir. Bundan öncə Vaşinqtonda əldə edilmiş tarixi razılaşmalar bu gün həyatda öz tətbiqini tapıb. İki dövlət və iki xalq arasında etimad mühitinin formalaşması ilə bağlı ciddi addımlar atılır. İstisna deyil ki, 2027-ci il tarixə sülh ili kimi daxil olsun. Nəhayət ki, bölgəmizə dayanıqlı və uzunmüddətli sülh gəlmiş olsun. Biz buna inanırıq. Prezidentin yeritdiyi xarici siyasət, nəqliyyat siyasəti, enerji siyasəti və beynəlxalq aləmdə qətiyyətli və prinsipial mövqe tutması ona gətirib çıxarıb ki, dünyanın aparıcı dövlətlərindən birinin Prezidenti Donald Tramp dəfələrlə Azərbaycan Prezidenti ilə beynəlxalq tədbirlərdə iştirak edərək onu dünya liderlərinə nümunə kimi göstərib və söyləyib ki, Azərbaycan Prezidenti çox güclü liderdir və beynəlxalq sülhə çox böyük töhfələr verir. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh prosesinin irəli aparılmasında böyük xidmətləri var. Bu da həqiqətdir və bunu bütün dünya görür”.

Elman Nəsirov
Elman Nəsirov qeyd edib ki, bu gün Azərbaycan müsəlman həmrəyliyinin əldə edilməsində müstəsna xidmətlər göstərib:
“2017-ci il ölkəmizdə İslam Həmrəyliyi İli elan edilib. Həmin ildə IV İslam Həmrəyliyi Oyunları keçirilib. Burada söhbət təkcə idman hadisəsindən getmirdi. Bu tədbir beynəlxalq aləmə, həmçinin müsəlman dünyasına çox ciddi mesajlarla yadda qaldı: biz birlikdəyik, birlikdə olmalıyıq, biz birlikdə güclüyük. Bu mesajlar müsəlman aləmində çox böyük rezonans doğurdu. Bilirsiniz, bu sözü kimin deməsi çox önəmlidir. “Biz birlikdə güclüyük, biz birlikdə olmalıyıq” sözünü çox lider deyə bilər. Amma çox böyük nüfuza malik lider bu sözü söylədikdə onun təsir gücü birə-beş artır. Azərbaycan Prezidenti deyəndə ki, “Biz birlikdə güclüyük, biz bir olmalıyıq”, bu sözlər çox böyük təsir gücünə malik olur və müsəlman dünyasında böyük rəğbətlə qarşılanır”.
Deputat deyib ki, 2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək:
“Bunlar çox mühüm hadisələrdir. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini ən yüksək səviyyədə saxlayır. Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Lakin Azərbaycan dövlətinə və Azərbaycan Prezidentinə verilən böyük qiymətin göstəricisidir ki, Azərbaycan Mərkəzi Asiya dövlətlərinin əməkdaşlıq formatına qəbul edilib. Mərkəzi Asiya ölkələri Azərbaycanı öz sıralarına qəbul ediblər. Bu, böyük nailiyyətdir. Həm də Azərbaycanın gücünün və potensialının bir göstəricisidir. Bu baxımdan, həm də Prezidentin yeritdiyi siyasət sahəsində Türk Dövlətləri Təşkilatının bu gün kifayət qədər gücləndiyinin fərqindəyik. Azərbaycanın bu təşkilat çərçivəsində türk dövlətləri ilə əlaqələri bu gün intensiv xarakter alıb. Xüsusilə Qəbələ sammitindən sonra yeni vəzifələr müəyyən edilib və təşkilat üzvləri arasında hərbi əməkdaşlıq məsələləri yeni müstəviyə yüksəlib.
Cənab Prezidentin sözləridir: “Bizim ailəmiz Türk dünyasıdır. Bundan başqa bizim ailəmiz yoxdur”. Doğrudan da, bu qətiyyətli ifadələr Türk dünyasında çox böyük rəğbətlə qarşılanır. Bunun sayəsində ölkəmizdə Türk dünyasının müsəlman dini rəhbərlərinin görüşləri, Türk dünyası analitik beyin mərkəzlərinin görüşləri keçirilib. Bundan savayı, təşkilatın şura rəhbərlərinin görüşləri də keçirilib. Bu, onu göstərir ki, cənab Prezidentin hər sözü çox böyük təsir gücünə malikdir və praktik baxımdan da böyük nəticələr doğurur”.
Elman Nəsirovun sözlərinə görə, bu gün fəxrlə qeyd etmək olar ki, Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi, “Bir gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”, – ifadəsi cənab Prezidentin siyasəti sayəsində həqiqətə, reallığa çevrilməkdədir.
Zaira Akifqızı
Globalinfo.az