Əliyevin bu addımı 5 il sonra Türkiyədə təkrarlandı

Türkiyədə keçirilən prezident seçkisindən sonra Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetini demək olar, tam yenilədi. Əsas diqqət çəkən təyinatlar Milli Kəşfiyyat Təşkilatına, Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə yönəlib. Bu qurumların köhnə-yeni rəhbərləri Azərbaycanda da tanınır və sevilir. Vətəndaşlarımız prezident Rəcəb Tayyib Ərdoğandan sonra Türkiyə rəsmiləri arasında ən çox sabiq müdafiə naziri Hulusi Akarı və keçmiş xarici işlər naziri Mövluq Çavuşoğlunu sevir. Onların Vətən Müharibəsində və ondan sonra ortaya qoyduqları mövqe Azərbaycan insanının yadından heç vaxt çıxmayacaq. Öz ölkələri üçün çalışırlarmış kimi fədakarlıq göstərirdilər Azərbaycan üçün.   

Ötən bazar günü R.T.Ərdoğanın andiçmə mərasimindən sonra yeni Nazirlər Kabinetinin üzvləri açıqlandı. Orda xeyli sürpriz isimlər oldu. Komandada dəyişiklik həm də çevik idarəçilik üçün lazımdır. Yeni vəzifələr yeni məsuliyyət yaradır. Rəqabət mühiti formalaşdırır. Komandanı yeni hədəflərə istiqamətləndirir. İdarəçilikdə keyfiyyət dəyişikliyinə gətirib çıxardır. Kadr islahatı idarəçiliyin əsas şərtlərindəndir.

Azərbaycanın Nazirlər Kabineti də vaxtaşırı yenilənir. Bizdə də 2018-ci ildən ciddi kadr islahatları getməkdədir. Köhnə kadrların xeylisi yola salındı. Hazırda “köhnələrdən” idarəçilikdə az sayda məmur qalır. Nazirlər Kabineti 80-90 faiz yenilənib.

Baş nazir Artur Rasizadə 2018-cidə keçirilən prezident seçkisindən sonra təqaüdə göndərildi. Onun yerinə Novruz Məmmədov gətirildi. Təxminən il yarımlıq yarıtmaz fəaliyyətdən sonra onu texnokrat Əli Əsədov əvəzlədi. Əslində Əli Əsədov da köhnə nəsil kadrlardandır. O, uzun illər Prezident Administrasiyasında (PA) müxtəlif vəzifələrdə çalışıb. Baş Nazir təyinatından öncə PA iqtisadi məsələlər şöbəsinin müdiri olub.

Baş nazirin müavinləri də 2018-2019-dan sonra yeniləndi. Əli Həsənov, Hacıbala Abutalıbov, Abid Şərifov yeni kadrlarla əvəzləndi. Əvvəlki komandadan qalanlar da var.

Baş Nazirin 1-ci müavini Yaqub Eyyubov köklü məmurlardan sayılır. 78 yaşı tamam olan birinci vitse-premyerin belə yüksək vəzifədə saxlanması ictimaiyyət və media üçün çox maraqlıdır. Onunla eyni yaş həddində olan, hətta ondan gənc olan həmkarları NK-dakı kabinetlərini çoxdan boşaldıblar. Yaqub Eyyubov isə hələ yerindədir. O, adətən ölkəmizə səfərə gələn yüksək vəzifəli qonaqların qarşılanması və yola salınması proseduranda kameralara tuş gəlir. Lakin Y.Eyyubovun baş nazirin 1-cu müavini olaraq geniş səlahiyyətləri var. Yaqub Eyyubov sonuncu dəfə medianın gündəminə oğlunun Latviyanın paytaxtı Riqa şəhərindəki bankda yerləşdirdiyi 1 milyard dollar vəsaiti dondurulması ilə gəlmişdi.

Əli Əhmədov artıq 10 ildir baş nazirin müavini vəzifəsində çalışır. Açığı onun nə işlə məşğul olduğu, hansı sahəni kurasiya etdiyi ictimaiyyətə tam bəlli deyil. Bəlkə bunu heç özü də bilmir. Ara-sıra onu humanitar tədbirlərdə, Azərbaycana səfərə gələn xarici qonaqları qarşılayıb, yola salanda görmək olur.

Nazirlər Kabinetinin ən məşhur və parlaq nümayəndələrindən biri də fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. 20 ilə yaxın müddətdir ki, nazir postunu tutan K.Heydərovla bağlı indiyə kimi çox şayiələr dolaşıb. Onu mətbuat tez-tez işdən “çıxarıb”. Hətta “həbs etdirib”. Lakin mövqeyini, vəzifəsini bu günə qədər qorumağı bacarıb. Bəzi müşahidəçilər Kəmaləddin Heydərovun uzun müddət vəzifədə qalmasını iki amillə izah edirlər. 1.Sadiqliyi və dürüstlüyü ilə ölkə rəhbərinin etimadını qazanması. 2.İşinin öhdəsindən yüksək səviyyədə gələ bilməsi.

Daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev yeni kadrlar deyil. Onlar mərhum prezident Heydər Əliyevin dövründən hakim komandada təmsil olunublar. Hər ikisi uzun müddət nazir müavini postunu tutub. 2019-cu ilin 20 iyun tarixində prezidentin fərmanı ilə Vilayət Eyvazov daxili işlər naziri, Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin olundu. Onların belə yüksək vəzifələrə irəli çəkilmələri peşəkar göstəricilərə və dövlətə, Prezident İlham Əliyevə sadiqlikləri ilə əsaslandırılır.

Sabiq daxili işlər naziri Ramil Usubov 2019-cu ilin iyun ayında Təhlükəsizlik Şurasının katibi təyin edildi. 2019-cu ildə vəzifədən çıxarılanlar arasında ən hörmətli tutulan, layiqli şəkildə mükafatlandırılan məmur Ramil Usubov oldu. Onu tanıyanlar deyirlər ki, R.Usubov heç vaxt Prezidentə, dövlətə qarşı ikili oyunlarda iştirak etməyib. Ölkə rəhbərinin bütün tapşırıqlarını qeyd-şərtsiz və keyfiyyətlə yerinə yetirib. Həm Heydər Əliyevə, həm İlham Əliyevə sadiqliyi ilə seçilib. Bu xüsusiyyətlərinə, həmçinin xidmətlərinə görə Prezident tərəfindən qiymətləndirildi.

AZAL prezidenti Cahangir Əsgərov nazir olmasa da hakimiyyətdəki mövqeyi baxımından istənilən nazirlə rəqabətə girə biləcək gücdədir. O da 30 ilə yaxındır vəzifədədir. Amma son aylar C.Əsgərovun mövqelərinin zəiflədiyinə dair xəbərlər dolaşır. Onun ətrafında intensiv yoxlamaların getdiyi haqda məlumatlar yayılıb. Həddən artıq varlandığı deyilən bu məmurun karyerasının sonuna yaxınlaşdığı bildirilir. Mənbələrin iddiasına görə, hazırda Cahangir Əsgərovun mal varlığına əl qoyulub. Onun bütün sərvətinin milliləşdirildiyi deyilir. Yəqin ki, yaxın günlərdə ictimaiyyət bunun doğru olub-olmayacağını öyrənə biləcək.

Bir zamanlar ölkə gündəminin mərkəzində dayanan, hər açıqlaması, hərəkəti, qərarı ilə manşet olan məmurlar indi idarəçilikdə yoxdurlar. Onların yerini gənc texnokratlar tutub. Ramiz Mehdiyevin, Əli Həsənovun, Rövnəq Abdullayevin, Ziya Məmmədovun, Tağı Əhmədovun, Əbülfəs Qarayevin və s. nazirlərin, yüksək vəzifəli şəxslərin dövrü qapanıb. İndi onların barəsində yalnız keçmiş zamanda danışılır. Vəzifə də həyat kimi müvəqqəti və vəfazısdır…

Prezident İlham Əliyevin “ağ inqilab” kimi dəyərləndirilən kadr dəyişikliyinin səbəbləri sonradan bəlli oldu. Ramiz Mehdiyevdən, Nəcməddin Sadıqova, Əli Həsənovdan Elmar Məmmədyarova kimi əksər məmurların vəzifədən çıxarılması müharibə hazırlığı imiş, sən demə. Hakim komandanın yenidən format edilməsi ikinci Qarabağ müharibəsində ciddi rol oynadı. Təsəvvür edin, Razmiz Mehdiyev siyasi hakimiyyətdə, Nəcməddin Sadıqov hərbi idarəçilikdə qalsa idilər, müharibədə halımız necə olardı? Nəzəri yanaşdıqda belə bu sualın cavabı adamı vahimələndirir…

Aydın Aslan
Globalinfo.az