armenia iran 1280x720 1

Azərbaycan yerləşdiyi coğrafiya səbəbi ilə daima təhlükəli vəziyyətlərin mərkəzində olub, qonşularının işğal obyektinə çevrilib. Hazırda qonşuluqda yerləşən Ermənistanla yanaşı, tarix boyunca ölkəmizə mənfi prizmadan yanaşan İranla da münasibətlərdə gərginlik müşahidə edilir. Sərhəddə iki terror dövlətinin olması isə Azərbaycanda müəyyən istiqamətdə gərginliyi aktual saxlayır.

Bəs bu dövlətlərlə münasibətin tənzimlənməsi üçün hansı addımların atılması məqsədəuyğun hesab edilir? Xüsusilə İranla gərginliyi neytrallaşdırmaq hansı şəkildə mümkün ola bilər?

Mövcud situasiyanı Globalinfo.az-a dəyərləndirən Yaxın Şərq bölgəsi üzrə ekspert Vüqar Zifəroğlu ölkələrarası proseslərin tənzimlənməsi üçün münasibətlərin qarşılıqlı olmasının vacibliyini vurğulayıb:

“Azərbaycan İranla, o cümlədən digər qonşuları ilə münasibətdə hər zaman mehriban qonşuluq, tərəfdaşlıq və əməkdaşlıq prinsiplərinə önəm verib. Lakin təəssüf ki, bu münasibət bizim güney qonşumuz tərəfindən adekvat olaraq qəbul edilmir. Münasibətlər ikitərəfli və qarşılıqlı olmalıdır. Əgər tərəflərdən biri bu münasibətlərə müvafiq davranmırsa, o zaman proseslərin tənzimlənməsi mümkün olmur”.

vuqar ziferoglu 2323

V.Zifəroğlu Tehranın münasibətinin diplomatik etikaya uyğun olmadığını bildirərək, müharibə zamanı Ermənistana dəstək verməsi faktını xatırladıb:

“44 günlük Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların qəbul etməkdə çətinlik çəkən Tehran, bölgənin inkişafına təkan verəcək iri layihə olan Zəngəzur dəhlizi ilə bağlı heç bir diplomatik etikaya sığmayan münasibət sərgiləyir. Və ya öz mediası vasitəsi ilə Azərbaycanın müstəqilliyini, suverenliyini, hətta bir sıra hallarda ərazi bütünlüyünü təhdid edəcək mövqe ortaya qoyur. Ərazimizin 20 faizinin işğal altında olmasına rəğmən o illər ərzində işğalçı Ermənistanla Tehranın yaxın strateji müttəfiqlik münasibətləri qurması, həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi dövründə işğalçıya hərbi, lojistik dəstək verməsi bilinən həqiqətdir. Təbii ki, bütün bu məqamlar qəbul edilə bilməz.

Azərbaycan öz xarici siyasətində milli maraqlara söykəndiyini, digər ölkələrlə münasibətlərdə əsla və əsla üçüncü ölkəyə qarşı hər hansı təhdid yarada biləcək addımlar atmadığını, atmayacağını dəfələrlə ən yüksək səviyyədə bildirib. Əgər cənub qonşumuz bütün bu məqamları qəbul etməkdə çətinlik çəkirsə, mövcud reallıqlara uyğun adekvat və obyektiv davranmırsa, burada artıq problem bu cür davranış sərgiləyən tərəfdədir.”

Qeyd edək ki, İranın növbəti təxribat addımı kimi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında “Hüseyniyyun” qruplaşmasının “bayraqlarını” quraşdırılıb.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: