Hökumətlər çökdürən, inqilablar edən, prezidentlər seçən Soros: Onsuz dünyanı nə gözləyir?

Amerikalı maliyyəçi, investor, iş adamı Corc Sorosun ölüm xəbəri dünya gündəmini yenidən zəbt etdi. 92 yaşlı Sorosun infarkt nəticəsində öldüyü iddia edilsə də, bu məlumat öz təsdiqini tapmadı.

Bəziləri üçün sadəcə milyarder, maliyyəçi kimi qəbul edilən C.Soros, “İngiltərə bankını dağıdan şəxs” ləqəbi ilə XX əsrin 1990-cı illərinə öz damğasını vurub.

1930-cu ildə Macarıstanda yəhudi ailəsində doğulan Soros, İkinci Dünya müharibəsində ölkənin işğalı zamanı çətin günlər yaşayış. Bir müddət sonra ailəsi repressiyadan qaçmaq üçün Böyük Britaniyaya üz tutur, Corc burada təhsil alır. Təhsili müddətində fəhlə, ofisiant kimi işlərdə çalışan Sorosun hədəfi isə banklarda iş tapmaq olur.

Həyatının sonrakı müddətində iş həyatında ciddi nailiyyətlər qazanan Soros elm və təhsilə dəstək verir, çox sayda xeyriyyə işləri ilə məşğul olur. Amma onun bu fəaliyyəti yaxın keçmiş üçün sadəcə pərdə kimi dəyərləndirilir. Corc Sorosun ölkələrin iqtisadiyyatlarının idarə edilməsi, müxtəlif hökumət inqilablarının maliyyələşdirilməsində adı çəkilir. O, bir sıra qurumların və ölkələrin daxili işlərinə qarışmaqda günahlandırılır. Onun gürcü müxalifətinə milyonlarla dollar vəsait ayıraraq Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin devrilməsində rol oynadığı bildirilir. Hazırda dünyanın bir sıra ölkələrində rəhbər vəzifələrdə Sorosun adamlarının çalışdığı deyilir. İddialara görə, onlardan biri də Ermənistanın Baş naziri Nikol Paşinyandır.

Onun sədri olduğu “Soros İdarəetmə Fondu” bir müddət Azərbaycanda da fəaliyyət göstərib. Corc Sorosa aid olan Açıq Cəmiyyət İnstitutu ölkəmizdə də fəaliyyət göstərir. Azərbaycanda onun bir sıra tərəfdarlarının olması da sirr deyil.

Bəs Sorosun ölümü bütün dünyada gedən mövcud proseslərin inkişafına necə təsir edə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yeganə Hacıyeva Sorosun dünya siyasəti və iqtisadiyyatındakı rolundan söz açıb:

“Corc Soros bütün dünyanı əhatə edən siyasi infrastrukturları formalaşdırmış, ən yeni tarixdə bunun üçün ən çox maliyyə xərcləmiş şəxsdir. “Forbes” jurnalının məlumatlarına görə 8,6 milyard xalis sərvətə malik Soros, qlobal səviyyədə siyasi proseslərə təsir imkanları əldə etmək üçün bu illər ərzində “Açıq Cəmiyyət Fondu”na nə az, nə çox, 32 milyard dollar vəsait xərcləyib. Həyatının böyük hissəsini ABŞ investisiya fondlarında maliyyə qazanmağa həsr etmiş Sorosun maliyyə dünyasının ayaması “Xaosun memarı” kimi ifadə olunur.
Bulanıq sulara qarmaq atmağı, xaosun hökm sürdüyü yerlərdə peyda olmağı adət etmiş Soros ilk milyardını 1992-ci ildə Böyük Britaniyanın milli valyutasının çökməsi ilə əldə edib. Həmin il İngiltərədə bank böhranı dərinləşəndə Britaniya valyutasını kütləvi şəkildə alan Soros sonra onu anında sataraq bir gün ərzində 1 milyard dollar qazanıb. Bununla Britaniya milli valyutasının qiymətini kəskin ucuzlaşdırıb və funt sterlinq dəyər itirib. Bir neçə il sonra eyni birja dələduzluğu Tailand milli valyutası – baht ilə də edildi və Soros bu ölkənin milli valyutasını qiymətsiz kağıza çevirməklə milyardlar qazandı.

1997-98-ci illərdə Asiya maliyyə böhranı zamanı Soros hər ay bir ölkənin milli valyutasına hücum etməklə milyardlarını kəskin artırdı. Eyni dövrdə – 1998-ci ildə “Rusiya hökuməti texniki defolta gedəcək” xəbərini sızdırmaqla Soros birjada məzənnə sıçrayışları əməliyyatlarından bir gündə öz varidatını bir neçə milyard artırmışdı”.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə edir"

Politoloq hazırda dünyada fərqli məzmunlar üzərindən həyata keçirilən bir çox inqilabın Soros ideologiyasının bir parçası olduğunu söyləyib:

“Əlbəttə, sözügedən məbləğin hamısı Sorosun öz hesabına aid deyil. Bu, siyasi infrastrukturlar vasitəsilə iqtisadiyyatını çökdürməyə çalışdığı, siyasi və iqtisadi dairələrdən əldə etdiyi gəlirlərdir. Hazırkı dövr üçün Corc Soros Cənub Şərqi Avropa ölkələrinin, Avropa Birliyi və Şurası siyasi institutlarının və s. hamısını sarmaşıq kimi əhatələmiş bir şəbəkə qurub. Corc Sorosun ölümü ümumilikdə ideoloji rəhbərin ölümüdür, ideologiyanın özünün deyil.
“Sorosun ideologiyası nədir” sualının isə bir-biri ilə konfrontasiyada olan, radikal fərqlənən bir neçə cavabı var. Məsələn, ABŞ-da keçirilən son prezident seçkilərində məhz Soros şəbəkəsinin rolu ilə orada nələrin dəyişdiyi haqqında mühakimə yürütməklə bu ideologiyanın nə olması haqqında danışa bilərik. Onun bütün dünyaya təbliğ olunan rəngli inqilabları siyasi məzmunludur, amma o, həm də cəmiyyətlərə yönəlik təbliğ etdiyi cinsi azlıq, mavi və bənövşəyi rəngli ideologiyaları da geniş yaymağı hədəfləmişdir. Onun siyasi infrastrukturları həm də LGBT+ların siyasətdə təmsilçiliyi təbliği idi. İndi bütün dünyada bu qrup özü üçün siyasi sekta və lobbi qrupunu xatırladır”.

Y.Hacıyeva Corc Sorosun ölümünün mövcud dünya sisteminə necə təsir edəcəyindən danışıb:

“Bir sözlə, Soros ideologiyasının əsasında bu kimi müxtəlif radikal, cəmiyyətlərə bədbəxtlik və fəlakət gətirən amillər durur. Məsələn, Yaxın Şərqdə bu ideologiya dini radikalizm üzərindən həyata keçirilir. Son proseslərdə Sorosun çox geniş bir şəbəkəsi İranın maraqlarının təmsilçisi qismində çıxış edirdi. Avropadakı inqilablar, Gürcüstandakı etirazlar, Ukraynada ard-arda Timoşenko və Zelenskinin dəstəklənməsi ilə bağlı inqilabların keçirilməsi bu şəbəkənin xidmətidir.

Ümumiyyətlə Soros ideologiyası olduğu yerlərə sülh və sabitlik deyil, xaos gətirən bir amil kimi qiymətləndirilməlidir. Sorosun ölməsi, bu ideologiyanın ölməsi anlamına gəlmir, şəbəkələrin fəaliyyəti hələ davam edəcək. Çünki müxtəlif regionlar üzrə Soros ideologiyasının fərqli şəbəkələrinə himayədarlıq edən müxtəlif dairələr var. Bu dairələr institusional fəaliyyət göstərir. Burada bir nəfərin ölməsi ən azı qısa müddət üçün ciddi dəyişikliyə səbəb olmur. Şəbəkə liderlikləri bəzi ölkələrdə hökumətlərlə uzalaşacaq, bəzilərində isə tam fərqli mənzərə yaranacaq. Sadəcə ölkələr daxilində güc və təhlükəsizlik strukturları bu şəbəkələrlə ciddi məşğul olana kimi onların fəaliyyəti davam edəcək”.

Ayşən Mustafa
Globalinfo.az