
İyunun 12-də Hindistanda baş verən təyyarə qəzası beynəlxalq ictimaiyyətin diqqətindədir. Belə ki, “Air India” şirkətinə məxsus olan “Boeing 787” tipli təyyarə havaya qalxdıqdan saniyələr sonra Meqaninaqar yaxınlığında yaşayış massivindəki binaların üzərinə düşüb və ardınca yanğın başlayıb. Hadisə zamanı 274 nəfər ölüb, yalnız bir nəfər – 40 yaşlı Vişvas Kumar Rameş sağ qalıb. Sözügedən qəza, xüsusilə “Boeing” tipli təyyarələrlə bağlı təhlükəsizlik məsələlərini gündəmə gətirib.
Globalinfo.az bildirir ki, bu fonda türkiyəli jurnalist Fatih Altaylının fikirləri də diqqət çəkib. O, “Air İndia” Hindistan hava yollarının fəaliyyətinin qənaətbəxş olduğunu deyərək, “Boeing” təyyarələrinin keyfiyyətinə işarə edib.
Sitat: “Bu təyyarələr son illərdə texniki xətalar, keyfiyyət problemləri ilə gündəmə gəlir. İlk belə hadisə “Boeing 737 Max”larda ortaya çıxıb. Bəzi ciddi istehsal xətalarına görə üç təyyarə qəza etmişdi. Ardınca “Boeing” mühəndislərindən biri təyyarədəki müəyyən texniki qüsurları səsləndirməyə başladı və həmin adam ölü tapıldı. Bu isə şirkətlə bağlı kriminal məsələni ortaya çıxardı”.
Qeyd edək ki, jurnalistin adını çəkdiyi şəxs “Boeing” şirkətində 32 il keyfiyyətə nəzarət mühəndisi olaraq çalışan Con Barnettdir.

Con Barnett
O, şirkətin “787 Dreamliner” təyyarələrinin istehsalında ciddi təhlükəsizlik və keyfiyyət problemlərini ictimailəşdirmişdi. Belə ki, 2019-cu ildən etibarən, Barnett təyyarələrin istehsalında istifadə olunan qüsurlu hissələr, nasaz təcili oksigen sistemləri və sənaye standartlarına uyğun olmayan təcrübələr barədə məlumatlar verib. Con bu problemləri “Boeing” rəhbərliyinə və ABŞ-ın Federal Aviasiya Administrasiyasına (FAA) bildirsə də, heç bir tədbir görülmədiyini iddia edib.
2024-cü ilin mart ayında mühəndis Cənubi Karolina ştatında öz avtomobilində ölü tapılıb. Məlumata görə, Con özünə atəş açaraq intihar edib.
Hindistandakı təyyarə qəzası ilə bağlı reallıq nədən ibarətdir?
Globalinfo.az-a danışan AZAL-ın keçmiş prezidenti, birinci dərəcələ təyyarəçi, texniki elmləri doktoru, iqtisad elmləri doktoru, nəqliyyat doktoru, professor Ədalət Əliyev qəzanın ümumi mənzərəsini təsvir edib:

Ədalət Əliyev
“Hindistan dünyada ən çox aviasiya qəzalarına yol verən ölkələrdən biridir. Əsas səbəb isə ölkədə peşəkarlıq məsələsinin daim arxa planda olmasıdır. Biz bunu Hindistan və Pakistan arasındakı dörd günlük münaqişə zamanı da yaxından gördük. Dəfələrlə özündən kiçik olan dövlətlərdən bu və ya digər məsələlərdə asılı olan Hindistanda təlim, tədris, peşəkarlıq kimi mövzular, adətən ikinci və ya üçüncü planda tutulur. Baş verən son qəza isə bir daha göstərdi ki, Hindistan nə aviasiya, nə də hərbi və digər təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Hər halda, müşahidə etdiyimiz bir mənzərə var – nədənsə eyni tipli təyyarələr digər ölkələrdə qəzalara məruz qalmır. Hindistanda isə eyni təyyarələrin sanki daha pis parametrlərə malik bir vasitə kimi qələmə verildiyini görürük. Bu dövlətin aviasiya təhlükəsizliyi də onların çəkdiyi filmlərə bənzəyir”.
Dünyada Hindistandakı təyyarə qəzası ilə bağlı fərziyyələr nələrdir?
Aviasiya ekspetlərinin fikrincə, ilkin ehtimallardan biri pilot səhvidir. Bildirilir ki, təyyarə qalxarkən pilot flapları (təyyarənin qanadının arxa kənarında yerləşən hissə) vaxtından əvvəl bağlamış ola bilər. Flaplar təyyarəyə qalxış zamanı əlavə qaldırma qüvvəsi verir və onların erkən bağlanması hava axınının pozulmasına, nəticədə “stall” – yəni təyyarənin hava üzərində tutunma qabiliyyətini itirməsinə səbəb ola bilər. Bu isə qəzanın əsas ehtimallarından biri kimi göstərilir.
Digər fərziyyələrdən biri mexaniki sistemlərin sıradan çıxması ilə bağlıdır. Düşünülür ki, mühərriklərin qalxış zamanı qəfildən güc itirməsi, flap mexanizmlərinin işləməməsi və ya şassi sistemində nasazlıq mümkündür. Texniki ekspertlər təyyarənin mühərrik göstəricilərində “rollback” adlı prosesin baş verməsini – yəni birdən gücün düşməsini araşdırır.
Ən güclü ehtimallardan biri “Boeing” şirkətində keyfiyyət nəzarətinin zəifliyidir. İddialara görə, son illərdə baş verən qəza hadisələri şirkətin təhlükəsizlik standartlarını aşağı saldığını, texniki uyğunsuzluqları görməzlikdən gəldiyini göstərir. Mütəxəssislər hesab edirlər ki, bu qəza da həmin istehsalat və nəzarət boşluqlarının nəticəsi ola bilər.
Digər tərəfdən, hindistanlı siyasətçi Sanjay Raut qəza ilə bağlı verdiyi açıqlamada “Düşmən ölkələrdən kiber hücum və ya sabotaj ola bilərmi?” sualını gündəmə gətirib. O, bu istiqamətdə də araşdırma aparılmalı olduğunu bildirib. Rəsmi qurumlar bu iddialara hələlik ehtiyatla yanaşsalar da, istintaq hər ehtimalı nəzərdən keçirməyə davam edir.
Həmçinin yanacağın keyfiyyəti də sual altında qalan məsələlərdən biridir. Qeyd olunur ki, əksər hallarda Hindistan hava yolları bu məsələyə diqqət yetirmir. Bunun da qəzaya səbəb olan amillərdən biri olması mümkündür.
Ümumilikdə, hazırda qəzanın qara qutusu ABŞ və Hindistan mütəxəssisləri tərəfindən analiz edilir. Proses əsasən, mühərrik gücü, flap və şassi sistemlərinin vəziyyəti, həmçinin pilot-kompüter qarşılıqlı əlaqəsini əhatə edir.
Araşdırmanın nəticələri bir neçə həftə və ya ay çəkə bilər.
Günay Rəsulqızı
Globalinfo.az