Azərbaycanda “halal tətillər”ə ehtiyac varmı? – AÇIQLAMA

Bir müddət öncə 30-dan çox ölkədə “halal tətillər” keçirilib. Beləliklə, hicablı xanımlar xəlvət yerə gedərək rahat şəkildə çimə, günəşin altında dincələ biliblər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tanınmış jurnalist Nərgiz Liftiyeva bildirib ki, çimərlik məsələsi inanclı insanların, xüsusən də hicablı xanımların yaralı yeridir:

“Hətta deyərdim ki, bu, təkcə inanc məsələsi deyil. Ölkəmizdə mühafizəkar ailələr çoxdur. Məhz qadınlar üçün “halal tətil” imkanlarının olmamasına görə onlar da yay istirahətinin əsas gözəlliyindən məhrum qalıblar. Təəssüf ki, ölkəmizdə yalnız qadınlar üçün nəzərdə tutulan və ətrafdan təcrid olunmuş belə çimərliklər yoxdur”.

N.Liftiyeva deyib ki, dəniz və qum həm də sağlamlıqdır:

“Xanımların gedə bilmədiyi hallarda uşaqlar da bundan məhrum qalırlar. Mütləq şəkildə ölkəmizdə həm çimərlik biznesi, həm otellər və istirahət mərkəzləri “halal turizm” növünə müraciət etməlidirlər. Kimlərsə bunu gerifikirlilik kimi dəyərləndirə bilər, ancaq “halal turizm” bir mədəniyyətdir, müxtəlifliyin fərqində olmaqdır, multikulturalizmin göstəricisidir”.

Zaira Akifqızı
Globalinfo.az