Haiti prezidentinin ölümündə əli olan şəxsə ağır cəza

2021-ci ilin iyulunda Haiti Prezidenti Jovenel Moizaya qarşı sui-qəsddə əli olan Haiti və Çili vətəndaşı Rodolf Jaar ABŞ-da ömürlük həbs cəzasına məhkum edilib.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, mart ayında 50 yaşlı Rodolf Jaar ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən məhkəmə prosesi zamanı prezidentin oğurlanaraq qətlə yetirilməsi məqsədilə bir qrup şəxsə maddi dəstək göstərdiyini etiraf etmişdi. O, cinayətkar qruplaşmaya daxil olan Kolumbiya vətəndaşlarına silah, ərzaq və sığınacaq verməkdə təqsirli bilinirdi.

Rodolf Jaar istintaqla əməkdaşlıq edərək Birləşmiş Ştatlarda təcridxanada saxlanılan daha 10 nəfəri məsuliyyətə cəlb etmək üçün məlumatlar təqdim etmişdi. Lakin məhkəmə onun istintaq orqanları ilə əməkdaşlığını cinayətdə iştirakın etirafı kimi səciyyələndirmişdi.

Hazırda ABŞ-da Moizanın qətlinin təşkilində ittiham olunan 11 nəfər həbsdədir. Qətl işi üzrə saxlanılanların sayı isə 40 nəfəri ötüb.