Hafiz Hacıyev Xankəndinin meri olmaq istəməsindən danışdı

15 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı. Bu tarixi hadisədən sonra sosial şəbəkələrdə müxtəlif mövzular gündəmə gəlib. Bunlardan biri də Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin Xankəndinin meri olmaq istəməsi haqda daha əvvəl mediaya verdiyi açıqlama ilə bağlıdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan H.Hacıyev Xankəndinin azad olunması ilə bağlı bu gün Prezident İlham Əliyevə təbrik teleqramı göndərəcəyini bildirib:

“İlk növbədə cənab Prezidentimiz İlham Əliyevi təbrik edir, ona cansağlığı, uzun ömür arzu edirəm. Azərbaycanın ərazi bütövlüyü 30 il sonra tam təmin edildi və bayrağımız Xankəndidə ucaldıldı.

Xankəndiyə icra başçısı təyin edilmək məsələsinə gəlincə isə bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. Nə məsləhət görərsə, o da olacaq. Bizim üçün önəmli olan üçrəngli bayrağımızın Xankəndidə dalğalanması idi, o da oldu”.

Zaira Akifqızı
Globalinfo.az