SEPAH Teleqram kanalları vasitəsilə növbəti dəfə Azərbaycanı hədələyib. Ənənəvi ritorikasından əl çəkməyən təşkilat müxtəlif animasiyalarla təhdidini vizuallaşdırmağa çalışır.
Digər məqam isə Ankaradakı Rusiya Araşdırmaları İnstitutunun “İran Azərbaycana hücum etmək üçün ordusuna “hazır ol!” əmri verib” iddiasıdır.
Daha mühüm məsələ sabah Bakıda Azərbaycan və İran hərbi komissiyalarının iclasının keçiriləcəyi haqda yayılan xəbərlərdir. Bir müdət öncə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev verdiyi müsahibədə İranla münasibətlərdə müsbət siqnalların alındığı deyib.
Maraqlıdır, proseslərin gərginləşdiyi bir zamanda İranın mövqeyi necə olacaq? Rəsmi Tehran Bakının qarşısında olacaq, yoxsa neytrallığını qoruyacaq? İran-Azərbaycan münasibətləri normallaşır, yoxsa vəziyyət dəyişməz qalır?
(Əlimusa İbrahimov)
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycana qarşı olan qüvvələrin başında SEPAH durur:
“Son zamanlar İran-Azərbaycan münasibətlərində yaxınlaşma hiss olunur. Bunu həm İranın ali dini liderinin timsalında, həm də xarici işlər nazirinin bəyanatları fonunda demək olar. Lakin SEPAH heç də bu düşüncədə deyil. O, münasibətlərin normallaşmasına açıq şəkildə mane olur.
Təsadüfi deyil ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsində ən böyük pay SEPAH-ındır. Məlum olduğu kimi, Tehrandakı səfirliyimizə edilən hücumun da pərdəarxasında SEPAH dayanır.
SEPAH İranın həm daxili, həm də xarici siyasətinə yön verən qurumdur. Görünür, hələ ki quruma mərkəzi hakimiyyətdən anti-Azərbaycan siyasətini dayandırmaq tapşırığı gəlməyib”.
Turan Rzayev
Globalinfo.az