1723654404 1692171155 photo 2023 08 16 11 22 28oiuytrtyui 1723647823

“Hər il minlərlə gənc ixtisas seçimi edir, minlərlə ailə övladının gələcəyi ilə bağlı qərar verir, minlərlə tələbə universitetə daxil olur. Bu rəqəmlər sadəcə statistika deyil. Onların arxasında talelər, gözləntilər və uzunmüddətli həyat yolları dayanır”.

Bu sözləri Globalinfo.az-a Malmö Universitetinin (İsveç) “Təhsil və Peşə Yönləndirilməsi” ixtisası üzrə tələbəsi Məsumə Rüstəmli deyib.

Onun sözlərinə görə, son illərdə təhsil sahəsində mühüm addımlar atılıb:

“Lakin peşə və ixtisas seçimi məsələsi hələ də bir çox gənc üçün mürəkkəb və bəzən də qeyri-müəyyən proses olaraq qalır. Seçimlər çox zaman mövcud məlumatın məhdudluğu, sosial təsirlər və ya bal göstəricilərinin istiqamətləndirici rolu əsasında formalaşır. Nəticədə isə bəzən ixtisas dəyişiklikləri, motivasiya itkisi və əmək bazarı ilə uyğunlaşma çətinlikləri müşahidə olunur. Bu isə yalnız fərdi məsələ deyil – bu, insan kapitalının səmərəli istifadəsi ilə bağlı məsələdir”.

“Dünyada necədir” sualına isə M.Rüstəmli belə cavab verib:

“Bir çox ölkələrdə şagird və tələbələr peşəkar yönləndirmə mütəxəssisləri ilə işləyirlər. Bu mütəxəssislər sadəcə məsləhət vermir, onlar fərdin maraqlarını, bacarıqlarını, psixoloji xüsusiyyətlərini və əmək bazarının real tələblərini bir araya gətirərək sistemli istiqamətləndirmə aparırlar. Belə yanaşma seçimin təsadüfi deyil, məlumatlı və uzunmüddətli olmasına kömək edir.

Azərbaycanda pedaqogika, psixologiya və kommunikasiya sahəsində güclü akademik baza mövcuddur. Ali təhsil müəssisələrində bu istiqamətdə ixtisaslaşmış kadrlar hazırlanır. Mövcud imkanlar göstərir ki, peşə yönləndirməsinin daha sistemli şəkildə qurulması real və mümkündür”.

c1071622 7b8a 47d1 b8bd 1181db12a9a1

M.Rüstəmli əlavə edib ki, Təhsil və Peşə Yönləndirilməsi istiqamətində ayrıca ixtisaslaşmanın formalaşdırılması həm təhsil sisteminə, həm də əmək bazarına körpü rolunu oynaya bilər:

“Bu, əlavə bürokratik struktur yaratmaqdan daha çox, mövcud resursların sistemli inteqrasiyası deməkdir. Bu nəyi dəyişə bilər?

Əgər gənclər:

– öz maraq və bacarıqlarını erkən mərhələdə tanısa,

– əmək bazarı haqqında real və aktual məlumat əldə etsə,

– uzunmüddətli planlama bacarığı qazansa,

onda seçim prosesi daha şüurlu və dayanıqlı olar.

Bu isə yalnız fərdi uğur deyil, daha motivasiyalı gənclər, daha uyğun kadr hazırlığı və daha güclü iqtisadi perspektiv deməkdir.

Təhsil sistemi daim inkişaf edir və yenilənir. Növbəti mərhələdə diqqətin yalnız bilik ötürülməsinə deyil, həm də şüurlu seçim mədəniyyətinin formalaşdırılmasına yönəlməsi təbii addım ola bilər”.

Globalinfo.az

Paylaş: