Gələn il dəhşətli bahalaşma olacaq? – Bədbin proqnoz

“Azərbaycanda gələn il inflyasiyanın iki rəqəmli olması ehtimalı kifayət qədər yüksəkdir”.

Bu sözləri Globalinfo.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, inflyasiyanın artmasını Rusiya və Ukrayna arasında baş verən müharibə ilə əlaqələndirib:

“Sirr deyil ki, dünya bazarlarında müharibə ilə əlaqəli dalğalı seyr davam edir. Həm də təəssüf ki, Azərbaycanda istehsalın kəskin artımını müşahidə etmirik. Bununla mübarizədə əsas hədəf orta və uzun müddətli yerli istehsalın artırılması olmalıdır. Amma qısamüddətli və tez effekt verən qərarlardan biri də, aylardır təklif etdiyimiz ərzaq məhsullarında Əlavə Dəyər Vergisinin (ƏDV) azaldılması ola bilər”.

İqtisadçı deyib ki, vergi azaldığı halda ucuzlaşma baş verə bilər:

“ƏDV 18 faizdən 2 faizədək endirilsə, bu, ərzaq bazarında bahalaşmanın qarşısını ala biləcək əsas amillərdən birinə çevirilə bilər. Hətta bəzi ərzaq növlərində ucuzlaşmanı da görə bilərik”.

Zaira Akifqızı
Globalinfo.az