Füzuli şəhərinin və yeddi kəndin işğaldan azad edilməsindən üç il keçir – VİDEO

Bu gün Füzuli şəhərinin və Füzuli rayonunun yeddi kəndinin işğaldan azad edilməsindən üç il keçir.

Globalinfo.az xatırladır ki, Azərbaycan Ordusu 2020-ci ilin bu günü Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərini düşmən tapdağından azad edib.

Və nəhayət, həmin gün Füzuli şəhəri erməni işğalçılarından təmizlənib.

Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına Prezident İlham Əliyev canlı yayımda çatdırıb.

Prezident qələbə sevincini həm də “Twitter”də (hazırda “X” – red.) xalqla bölüşmüşdü.

Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 17 oktyabr – Füzuli şəhəri günü kimi təsis edilib.

Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.