Fazil Mustafaya sui-qəsd edənlər əməllərini etiraf edib

Sui-qəsd cəhdi zamanı mənə dəyən maddi və mənəvi ziyan müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı Fazil Mustafa ona qarşı sui-qəsd törətməyə cəhd edənlərin istintaq işindən danışarkən bildirib.

O qeyd edib ki, həbs edilən şəxslərin hər biri törətdikləri əməli etiraf edib.

“Bütün detallar demək olar ki, aydınlığa qovuşub. Dəymiş maddi və mənəvi ziyan müəyyənləşib. Müəyyən detalların tam araşdırılması gedir. Çünki bu xəttin uzantısı birbaşa İrana gedib çıxır.  İrandan planlaşdırılmış hərəkatdır. Bu hərakatın əməlləri ölkəmizdə olan xainlərin əli ilə həyata keçirilib”, – parlamentari deyib.

F.Mustafa bir neçə ay sonra işin məhkəməyə göndərilə biləcəyini söyləyib:

“Yeri gəlmişkən qeyd edim ki, ölkədə hər hansı məzhəb görüntüsü adı altında çox sayda İran xüsusi xidmət orqanları tərəfindən ələ alınmış insanlar var. Cəmiyyətimiz olduqca ehtiyatlı olmalıdır. Onlar dinçi görüntüsü ilə xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən şəxslərə çevriliblər. Vətən xaini olmaq rolunu özlərinə qəbul etdiriblər. O baxımdan da bu məsələdə ciddi həssaslığa ehtiyac var. Yəqin ki, bir neçə ay sonra artıq istintaq yekunlaşıb məhkəməyə təqdim olunacaq.  Hər halda ümumi hüquq proseduru bunu göstərir ki, müəyyən müddət var. Müəyyən müddət başa çatdıqda iş məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.