Fazil Mustafa: “Nökər necə qərar verə bilər ki, öldürmək istəsin, ya istəməsin?!”

Deputat Fazil Mustafaya qarşı sui-qəsd təşkil edən şəxs məhkəmədə danışıb. O, məqsədin əslində öldürmək yox, cəzalandırmaq olduğunu deyib.

Sitat: “İstəsəydik, öldürərdik” .

İran agenturasının nə dərəcədə təhlükəli olduğu bu ifadədən məlum olur. Bir sözlə, insanları “samosud” edirlər. Təsəvvür edək ki, onların qarşısı alınmır və ya yaxşı alınmır. O zaman ölkədə necə böyük fəlakət yaşandığını düşünmək belə adamı dəhşətə gətirir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Fazil Mustafa bu sözləri deyənlərin statusuna nəzər yetirilməsini istəyib. O deyib ki, hansısa bir nökər ağasının əvəzindən deyə bilməz ki, “biz belə istəyirdik, bunu etmədik”:

“Bunların hamısı nökərlərdir. Ağaları Qumda oturub. Həmin şəxslər də oradan alınan sifarişi yerinə yetiriblər. Nökər necə qərar verə bilər ki, öldürmək istəsin, ya istəməsin. Bunlara verilən tapşırıq öldürmək idi, sadəcə, planları baş tutmadı. İndi onu ört-basdır etmək üçün belə bir yanaşma sərgiləyirlər. Bu sui-qəsdin əsas səbəbi məni öldürmək idi”.

Deputat həmin şəxslərdən qorxmadığını bildirib:

“Hansısa ölkənin nökəri, Vətən xaini, satqını məni qorxudacaq olsa, o zaman bu mübarizənin içində niyə varam? Bu mübarizədə belə satqınlarla dəfələrlə üz-üzə gəlmişik. Bizi kimsə qorxutmalı olsaydı, elə əvvəldən geri çəkilərdik. Onlar məhkəmədə qorxaq, nə qədər miskin olduqlarını sübut edirlər. Özləri etdiyi əməlin bədəlini ödəməkdən qorxduqlarına görə, bu cür açıqlama verirlər. Bunun da heç bir əsası yoxdur. Məncə, məhkəmə araşdırması yekunlaşandan sonra aydın olacaq ki, bu, böyük bir terrorçu-cinayətkar şəbəkədir, erməni-fars ideologiyasına xidmət edən vətən xainlərdir və yəqin ki, onların cəzaları da məhz bu istiqamətdə müəyyənləşəcək”.

Zaira Akifqızı
Globalinfo.az