Azərbaycana qadağan edilmişdi: indi Rusiyanı vurur – 4 il əvvəl Bakını kim dayandırdı?

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu fonunda başlayan aktiv döyüşlər davam edir. Diqqətçəkən məqam isə Ukrayna ordusunun müharibədə “F-16” qırıcılarından istifadə etməyə başlamasıdır.

İkinci Qarabağ müharibəsi dövründə vaxtilə Azərbaycana təlim üçün gələn, daha sonra təhlükəsizlik və Türkiyənin dəstəyi kimi ölkəmizdə qalan “F-16” qırıcılarına görə rəsmi Bakıya təzyiqlər olmuşdu.

Bu məsələdə Qərb eyni mövqeyi niyə Ukraynaya qarşı sərgiləmir? “F-16” qırıcılarını hansı ölkələr ala bilər? Ümumiyyətlə, bu qırıcıların satışı qadağandır?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Azərbaycan “F-16”-lardan heç vaxt istifadə etməyib:

“Bu qırıcıların ölkəmizdəki varlığı 44 günlük müharibə zamanı psixoloji üstünlük yaratmaq məqsədi daşıyırdı. Bakı dəfələrlə rəsmi şəkildə bildirib ki, “F-16”-lardan istifadə etmək kimi bir düşüncəsi yoxdur. Bu, ümumiyyətlə, Türkiyənin təşəbbüsü idi. Ermənistan döyüş təyyarələrindən istifadə etsəydi, o zaman Azərbaycan istisna hal kimi həmin qırıcıları meydana çıxara bilərdi. Amma bu baş vermədi. Heç kəsə sirr deyil ki, Qərb və ABŞ Ukraynaya açıq dəstək verir və bu yolla Rusiyanı zəiflətməyə çalışırlar. Münaqişənin uzanması, şübhəsiz, Kremlin gücünü azaldır.

Qərbin Ukraynaya dəstəyi hazırda Rusiyanı məğlub edə biləcək səviyyədə deyil. Hətta Kiyev bir müddət idi ki, dəstəyin az olmasından şikayətlənir. “F-16”-ların Ukraynaya verilməsi və bu gün döyüşlərdə istifadəsi ciddi hadisədir. Lakin bu, heç də onların hansısa üstünlük əldə etdiyi mənasına gəlmir”.


Tofiq Abbasov

Politoloq Qərbin növbəti dəfə riyakarlıq etdiyini bildirib:

“F-16”-lardan istifadə etmədiyimiz halda bizə təzyiq göstərən Qərb bu gün eyni qırıcıları Ukraynaya təmənnasız şəkildə verir. Bu, açıq qərəz, ikili standartdır. Təəssüf ki, biz bu kimi məsələlərə artıq öyrəşmişik. Həmin Qərb 44 günlük müharibə zamanı gizli şəkildə Ermənistanı dəstəkləyirdi. Yəni burada təəccüblü bir şey yoxdur”.

Hərbi ekspert Üzeyir Cəfərov isə deyib ki, “F-16” qırıcılarının satışı və istifadəsinə dair heç bir məhdudiyyət yoxdur:

“Yalnız kimyəvi və kütləvi qırğın silahlarının satışı, istifadəsi qadağandır. Özü də bu məsələ qaydalar, konvensiyalarla tənzimlənib. “F-16”-nı istənilən ölkə ala, istifadə edə bilər. Böyük dövlətlər maraqları çərçivəsində hər zaman fərqli motivli bəyanatlar verirlər. Vaxtilə o qırıcılarla bağlı ölkəmizə qarşı edilən təzyiqlər də əslində yenə böyük dövlətlərin maraqları çərçivəsində idi”.


Üzeyir Cəfərov

Ü.Cəfərov Qərbin Ukrayna və Azərbaycana yanaşmasının fərqli olduğunu deyib:

“Onlara baxış eyni deyil. Nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsi həm də çox yeni bir münaqişədir və Qərb bu ölkəyə dəstək verir. Bunu “F-16”-nın timsalında görmək olur. Rusiyanın zəifləməsi Qərbin marağı çərçivəsindədir. Ona görə Ukraynaya təkcə “F-16” yox, həm də başqa silahlar verilib. Qərb həm də Bakının Moskva ilə əlaqələrinin yaxşı olmasına qarşıdır”.

Turan Rzayev
Globalinfo.az